Laçın rayonun azad olunması tarixi qələbəmizin miqyasını daha da artırdı
Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Dağlıq Qarabağ münaqişəsinin həllinin ən çətin mərhələlərindən biri Laçın rayonunun işğaldan azad olunması idi. Çünki Laçının həm ərazisi çox genişdir, həm də çətin relyefdə yerləşir. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, Laçının bir güllə atılmadan işğaldan azad olunması tarixi hadisə və Azərbaycanın böyük qələbəsidir. Laçının işğaldan azad olunması ölkəmizin iqtisadiyyatına da böyük töhfə verəcək. Çünki bu rayonumuz zəngin təbii ehtiyatlara, resurslara malikdir. Burada kənd təsərrüfatının inkişafı üçün böyük imkanlar var. Həm dövlətin imkanları, həm də rayonun öz resursları səfərbər edilməklə böyük inkişafa nail olunacaq. Bütövlükdə azad edilmiş bölgələrin iqtisadi potensialı, kənd təsərrüfatı, turizm potensialı çox böyükdür.
Regionun strateji əhəmiyyətini artıran hava limanları. İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaqdır. Laçın rayonunda beynəlxalq hava limanının tikintisinə start verilib. Azad edilmiş torpaqlarda ümumilikdə üç beynəlxalq hava limanı tikiləcək. Hava limanlarının mülki aviasiya, yükdaşıma və hərbi əhəmiyyəti danılmazdır. Bu hava limanı Kəlbəcər rayonu ərazisinə hava nəqliyyatı ilə gediş-gəlişi asanlaşdıracaq. Prezident İlham Əliyev vurğulayıb: “Hesab edirəm ki, bu, bir çoxları üçün gözlənilməz oldu. Bəziləri bunu möcüzə hesab edirdilər. Çünki sovet dövründə heç vaxt bu bölgədə – Kəlbəcər-Laçın zonasında hava limanı olmayıb. Məhz bu səbəbə görə. Çünki çox bahalı bir layihə ola bilərdi və məqbul yer də tapmaq mümkün deyil. Ancaq biz bunu edirik. Müstəqil Azərbaycan dövləti buna da qadirdir. Buna texniki imkanlarımız da, maliyyə imkanlarımız da və güclü iradəmiz də var.”
Azərbaycan dövləti işğaldan azad olunan ərazilərin bərpası üçün böyük layihə hazırlayır, işğaldan azad olunan digər rayonlar kimi, Laçın da yenidən qurulacaq, abadlaşdırılacaq, laçınlılar öz doğma yerlərinə qayıdacaq və orada həyat yenidən qaynayacaq.
Rəna Süleymanlı,
YAP-ın gənc fəalı