Analitika

Bu gün Azərbaycan sosial dövlətdir

Hər bir dövlətin əsas funksiyalarından biri əhalinin sosial müdafiəsini təşkil etmək, maddi nemətlərin ədalətli bölgüsünü təmin etmək, daxili siyasətin sosial yönümlülüyünü ön planda saxlamaq, vətəndaşların sosial rifah halını daim yaxşılaşdırmaqdan ibarətdir. İnkişaf etmiş, yaxud inkişaf etməkdə olan dövlətlərin bir çoxu sosial təminatın yüksək pilləsi olan sosial rifah dövləti qurmağı hədəf kimi qarşısına məqsəd qoymuş, öz konstitusiyalarında, qanunlarında təsbit etmişlər.

Banisi və qurucusu Ümummilli Lider Heydər Əliyev olan Azərbaycan dövlətinin yaxın məqsədlərindən biri əhalinin sosial rifah halını ən yüksək səviyyəyə çatdırmaq, dünyanın inkişaf etmiş dövlətinə çevirmək, sosial-rifah dövləti mərtəbəsinə yüksəltməkdir. Sosial dövlət dedikdə  inkişaf etmiş, sosial ədalət təmin olunmuş, maddi sərvətlər, nemətlər, istehsal resursları qanun daxilində hamıya əlçatan olan və hər bir vətəndaşın layiqli həyat şəraiti əldə etməsinə təminat verən hüquqi, demokratik, müasir ictimai-siyasi sistem başa düşülür.

Sosial  dövlət anlayışı ilk dəfə 1850-ci ildə alman alimi Lorenc fon Şteyn tərəfindən işlədilmişdir. Lorensə görə sosial dövlət bütün siniflərə, eləcə də hər bir vətəndaşa bərabər hüquq və imkanlar yaradan dövlətdir. Belə dövlətdə hökumət bütün vətəndaşların iqtisadi və ictimai inkişafına siyasi, hüquqi, iqtisadi dəstək verməlidir. Bu ideyanı daha da inkişaf etdirən digər alman alimi H.Heller “Sosial – hüquqi dövlət” anlayışını siyasi arenaya daxil etmişdir. Doğrudan da, hüquqi təminatlar və tənzimləmə olmadan sosial rifah dövləti yaratmaq mümkün deyildir. Sosial dövlət quruculuğu ötən əsrin ortalarından, II Dünya müharibəsindən sonra başlamışdır. Dünyada ilk dəfə 1949-cu ildə Almaniya Federativ Respublikası özünü sosial dövlət elan etmişdir. Sosial dövlət qurulmasının başlıca şərti o dövlətdə sosial ədalətin, demokratiyanın və hüququn aliliyinin təmin olunmasıdır.

Müstəqil Azərbaycanın dövlət quruculuğu yolunda əsas strateji hədəfləri müəyyən edərkən Ümummilli Lider Heydər Əliyev deyirdi: “Azərbaycan Respublikası öz dövlət quruculuğunda, sosial-iqtisadi problemlərin həllində tutduğu strateji yolla gedir. Bizim bu yolumuz Azərbaycanda demokratik-hüquqi sivilizasiyalı dövlət qurmaqdan, demokratik prinsipləri gündən-günə inkişaf etdirməkdən, dünyanın əldə etdiyi bütün demokratik nailiyyətləri Azərbaycanda yaymaqdan, onlardan bəhrələnməkdən ibarətdir”.

Konstitusiyamızda Azərbaycan dövlətinin başlıca vəzifələrindən birinin vətəndaşların sosial müdafiəsinin yaxşılaşdırılması, iqtisadi azadlıqlarının təminatçısı olduğu göstərilir:

“İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir”. Azərbaycan sosial dövlət quruculuğu yolunda inamla irəliləyir. Möhtərəm Prezidentimiz respublikamızın dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı, vətəndaşa diqqət və  qayğı dayandığını bəyan  edir və ölkəmizi dünyanın inkişaf etmiş dövlətləri sırasına çıxacağını qarşıya məqsəd qoyur.

Bu gün özünü dünya miqyasında müstəqil ölkə kimi təqdim edə bilən qalib Azərbaycan həm də müstəqil siyasət aparan dövlət olaraq tanınır. Bu uğurun təməlində güclü siyasi iradə, xalq-iqtidar birliyi, bir çox başqa amillər dayanır. Onların arasında iqtisadi müstəqillik xüsusi yer tutur. Azərbaycanda həyata keçirilən nümunəvi sosial siyasətin ən səciyyəvi cəhətlərindən biri odur ki, ölkəmizdə ədalətli resurs bölgüsü təmin edilir və qayğıya ehtiyacı olan bütün insanlar dövlət tərəfindən dəstəklənirlər. Bu kontekstdə respublikamızda dövlət başçısının siyasi iradəsi əsasında şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə göstərilən qayğı xüsusi olaraq diqqəti cəlb edir.  Ölkəmizdə əhalinin sosial rifahının yaxşılaşdırılması, həssas qrupların hərtərəfli dövlət qayğısı ilə əhatə edilməsi istiqamətində mütəmadi olaraq işlər görülür. Nəticədə bu istiqamətdə həyata keçirilən tədbirlər ölkəmizdə etibarlı sosial müdafiə sistemi formalaşdırıb.

“Azərbaycan sosial dövlətdir. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları, onun problemləri, onun təhlükəsizliyi, onun xoşbəxtliyi dayanır”, – deyə bəyan edən dövlət başçısı  İlham Əliyevin  tapşırıqları əsasında xüsusilə son illər aparılan inqilabi sosial islahatlar ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm nailiyyətlərin əldə olunmasını təmin edib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyada nümunə göstəriləcək modern Azərbaycan dövləti modeli formalaşıb. Siyasi, iqtisadi və sosial baxımdan Azərbaycan dünyaya yeni inkişaf modelini təqdim edib. Bu model əsasında uğurla həyata keçirilən və yeni çalarlarla zənginləşdirilən sosial-iqtisadi siyasətin nəticələri Azərbaycanın həm də beynəlxalq imicinin və dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsinə gətirib çıxarıb. Görülən işlər ölkəmizin gələcəyinin daha parlaq olacağını tam əminliklə deməyə əsas verir.

Şükürova Rəna,
Xəzər rayonu, 123№li tam orta məktəbin müəllimi.

Oxşar Xəbərlər

Back to top button