8 Mart Beynəlxalq Qadınlar Günü

Çoxəsrlik zəngin tariximizi araşdırarkən məlum olur ki, Azərbaycan qadını xalqın şərəfini həmişə uca tutub. O, nəcib ürəkli, mehriban ANA olmaqla yanaşı, kişilərlə bərabər yağı düşmənlərlə savaşlarda öz sözünü deyib, mübarizliyi, mərdliyi, cəsarət və qəhrəmanlığı ilə dünyanı heyrətə salmışdır. Nəciblik, saflıq, gözəllik simvolu olan qadınlarımız həmişə olduğu kimi, Vətən Müharibəsində böyük əzmkarlıq və mətanət nümayiş etdirərək, böyük qələbənin qazanılmasında müstəsna dərəcədə böyük rol oynamışdır. Fəal vətəndaşlıq mövqeyi sərgiləyərək daim ordumuzun yanında olmuş, əlindən gələn maddi-mənəvi dəstəyi əsirgəməmişdir. Öz oğullarını xeyir-dua ilə cəbhəyə yola salan, Qarabağ uğrunda canından keçən şəhidlərimizi və Vətən uğrunda qəhrəmancasına vuruşan qazilərimizi dünyaya gətirən, onlara vətənpərvərlik ruhunu, vətən sevgisini aşılayan, düzgün tərbiyə edən məhz Azərbaycan qadınıdır.
Bu gün Azərbaycan qadını dövlətin idarə olunmasında, ictimai-siyasi həyatında da iştirak edir, sosial həyatın bütün sahələrində irəli çəkilir. Təsadüfi deyildir ki, Şərq dünyasında qadınlara seçki hüququ ilk dəfə ölkəmizdə Azərbaycan Xalq Cümhuriyyəti dövründə verilmişdir. İstər Ulu Öndər Heydər Əliyev, istərsə də Müzəffər Ali Baş Komandan İlham Əliyevin hakimiyyəti dövründə qadınlarımıza yüksək dəyər verilmiş, onların hüquqlarının qorunması haqqında mühüm qərarlar qəbul olunmuşdur. Ölkəmizdə qadın hüquqlarının geniş müstəvidə əks olunması və problemlərin qanunvericilik çərçivəsində həlli həyata keçirilir, Əhatəli və uğurlu dövlət qadın siyasəti həm ölkə daxilində, həm də xaricdə özünü büruzə verir və xarici təcrübə öyrənilərək istifadə olunur.
Azərbaycan bir sıra beynəlxalq təşkilatlara qoşularaq onların qadın məsələlərini əhatə edən konvensiyalarını, protokollarını qəbul etmiş və qanunvericiliyimizdə qadınların hüquqları mövzusunu təkmilləşdirmişdir. Hər il olduğu kimi bu il də 8 Mart-Beynəlxalq Qadınlar Günü ölkəmizdə rəsmi bayram günü kimi qeyd olunur. Bayram günü ərəfəsində iqtisadiyyat, təhsil, elm, mədəniyyət, incəsənət və s. sahələrdə fəaliyyət göstərən, cəmiyyətin həyatında müstəsna dərəcədə böyük xidmətləri olan qadınlarımıza fəxri adlar verilir, orden və medallarla, müxtəlif ali mükafatlarla təltif olunurlar. Bu, dövlətimizin və dövlət başçısının Azərbaycan qadınına göstərdiyi ehtiramın və dəyərin bariz nümunəsidir.
Şəhid, qazı və əsgər anaları başda olmaqla bütün qadınlarımızı “8 Mart – Beynəlxalq Qadınlar Bayramı münasibəti ilə təbrik edir, onlara xoşbəxt və səadət dolu həyat arzulayıram!
Məmmədov Amil,
Xəzər rayonu, 117 nömrəli tam orta məktəbin coğrafiya müəllimi



