Analitika

Strateji tərəfdaşlıq

Azərbaycan dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələrini ümummilli mənafelərə əsaslanan xətlə inkişaf etdirməkdədir. Ölkəmizin Cənubi Qafqazdakı yerini və rolunu, iqtisadi potensialını düzgün qiymətləndirən nüfuzlu dövlətlər respublikamızla bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinə böyük maraq göstərirlər. Azərbaycanla əməkdaşlıq əlaqələrinin inkişafında maraqlı olan ölkələrdən biri də Serbiyadır.

İki ölkə arasında əlaqələrin inkişafına təkan verən mühüm amillərdən biri də Belqradın Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlər sırasında olmasıdır. Rəsmi Belqradın belə bir qərar qəbul etməsi dövlət müstəqilliyini yenicə bəyan etmiş Azərbaycan üçün müstəsna əhəmiyyət daşıyırdı. Azərbaycan ilə Serbiya arasında ikitərəfli münasibətlər isə 21 avqust 1997-ci ildə qurulmuşdur.

Dekabrın 10-da Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev mərasimdə iştirak ediblər.

Dövlətimizin başçısı cənab İlham Əliyev mərasimdə çıxış etdi:

-“Əminəm ki, bugünkü tədbir və açılışdan sonra interkonnektorun fəaliyyəti Serbiyanın sənaye inkişafına böyük töhfə verəcəkdir. Bugünkü mərasim dostluq mərasimidir, strateji tərəfdaşlıq mərasimidir. Əlbəttə ki, hər iki prezidenti bugünkü açılış münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Bu, Serbiya və Bolqarıstanın enerji təhlükəsizliyinə böyük töhfə verə biləcək layihədir. Eyni zamanda, Azərbaycan xalqını təbrik etmək istəyirəm. Çünki Azərbaycanın qaz ixracı coğrafiyası daha da genişlənir. Hazırda biz təbii qazımızı səkkiz ölkəyə ixrac edirik, Serbiya doqquzuncu ölkədir. Bu doqquz ölkənin yeddisi Avropa ölkəsidir və təbii ki, bugünkü mərasim – interkonnektorun fəaliyyətə başlaması Avropanın enerji təhlükəsizliyinə də önəmli töhfə verəcəkdir.”

Beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan və Serbiya dövlətlərinin təmsilçiləri prinsipial məsələlərin həllində birgə mövqe nümayiş etdirirlər. Buna əyani misal kimi Serbiyanın 14 mart 2008-ci il tarixində Azərbaycanın təklif etdiyi “Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət haqqında” qətnamə layihəsi ilə əlaqədar BMT Baş Assambleyasında keçirilən səsvermədə məsələnin lehinə mövqe nümayiş etdirməsidir.İki ölkə arasında münasibətlərin möhkəmlənməsində parlamentlərin rolunu da xüsusi qeyd etmək lazımdır. Belə ki, hər iki ölkənin parlamentində dostluq qrupları fəaliyyət göstərirlər. Parlament sədrlərinin, eləcə də digər dövlət və hökumət başçılarınn qarşılıqlı səfərləri əməkdaşlıq əlaqələrinin daha da inkişafına güclü təkan verəcəkdir.

Ölkələrimiz arasında siyasi əlaqələr yüksək səviyyədədir. İndiyədək iki ölkə arasında 44 sənəd imzalanıb. İki ölkə arasında baş tutan səfərlər çərçivəsində keçirilən görüşlər zamanı ikitərəfli əlaqələrin genişləndirilməsi, ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsi, müxtəlif sahələrdə münasibətlərin inkişafı istiqamətində müzakirələr aparılıb. Bu sənədlər arasında 2013-cü ildə imzalanmış Dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə və 2018-ci ildə imzalanmış Strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planı xüsusi əhəmiyyət daşıyır. Hər iki sənəddə keçmiş Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn ümumtanınmış prinsip və normalarına, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə və ATƏT-in qərarlarına uyğun olaraq, Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı əsasında tezliklə həll olunmasının dəstəkləndiyi qeyd olunub.Qeyd olunmalıdır ki, Azərbaycan da öz növbəsində Serbiyanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir.

Azərbaycanla Serbiya arasında iqtisadi sahədə yaxşı əlaqələr mövcuddur. Ölkələrimiz arasında mövcud olan münasibətlər, bunun inkişafı meyilləri belə bir proqnozla çıxış etməyə əsas verir ki, Azərbaycan-Serbiya əlaqələri yaxın gələcəkdə daha da inkişaf edəcək və bütövlükdə regionda sülhə, sabitliyə, demokratik inkişafa, sosial-iqtisadi yüksəlişə təkan verəcəkdir.

Əkbərova Hüsniyyə,
Xəzər rayonu,
 92 N-li tam orta məktəbin tarix müəllimi

Oxşar Xəbərlər

Back to top button