Kəlbəcərin işğaldan azad olunması Azərbaycanın möhtəşəm tarixi Qələbəsinin daha bir təsdiqidir

“İkinci Qarabağ müharibəsi Azərbaycanın şanlı Qələbəsi ilə başa çatmaqla çoxəsrlik tariximizin heç zaman unudulmayacaq səhifəsini yazdı. Azərbaycanın siyasi qələbəsinin və Ermənistanın məğlubiyyətinin təsdiqi olan 10 noyabr birgə Bəyanatında Ermənistan silahlı qüvvələrinin Kəlbəcər, Ağdam və Laçın rayonlarının ərazilərini qeyd-şərtsiz tərk etmələri öz əksini tapdı. Artıq xalqımız Kəlbəcərin işğaldan azad edilməsinin sevincini yaşayır. Kəlbəcər rayonu 27 ildən sonra nəhayət işğaldan azad olundu. Bu günü Azərbaycan xalqı uzun illərdi ki, səbirsizliklə gözləyirdi”.
Bunu “Globalnews.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
Rəşadət Xalıqov bildirib ki, Kəlbəcərin azad olunması ilə Azərbaycan BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsini, ümumilikdə isə, bütün qətnamələrini faktiki olaraq məhz özü hərbi-siyasi yolla yerinə yetirdi. Beləliklə, Azərbaycan 30 ilə yaxın erməni işğalı altında qalan tarixi torpaqlarını öz gücü və əzmi ilə azad etdi. Ayın 25-i şanlı Azərbaycan Ordusu Kəlbəcərə daxil oldu. Kəlbəcərin ermənilərdən boşaldılması işğalçının eybəcər siması və barbarlığının, erməni vandalizminin növbəti nümayişi oldu.
“Kəlbəcər artıq üç ildir ki, düşmən tapdağından azad olunub. Hazırda bütün kəlbəcərlilər bayram ab-havasındadırlar. Cənab Prezidentimiz işğaldan azad olunan digər ərazilər kimi Kəlbəcərin də sosial və iqtisadi inkişafı üçün vacib siyasət yürüdür. İşğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Kəlbəcərə də həyat yenidən qayıdır”. – deyən Rəşadət Xalıqov əlavə edib ki, Kəlbəcər ərazisinin dağlıq relyefi, füsunkar təbiət mənzərələri, keyfiyyətli su ehtiyatları və tarixi abidələri buranın gələcəkdə turizm məkanı kimi şöhrət tapacağına zəmin yaradır.
Onun sözlərinə görə, Kəlbəcərin işğaldan azad olunması Azərbaycanın möhtəşəm tarixi Qələbəsinin daha bir təsdiqidir. Hazırda Kəlbəcərdə bərpa-yenidənqurma işləri aparılır, yeni infrastruktur qurulur, şəhər dirçəldilir. Belə ki, Vətən müharibəsindən sonra rayon ərazisində infrastrukturun bərpasına və yenidənqurma işlərinə başlanılıb. İndi yenidən qurulmaqda olan şəhər özünün əzəli sakinlərinin – kəlbəcərlilərin yolunu gözləyir.