Analitika

Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan artıq yaşıl enerji zonası kimi elan olunub

İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun eyni zamanda Naxçıvanın relyefi, külək, günəş, su ehtiyatları imkan verir ki, Azərbaycan öz təbii sərvətləri hesabına bərpaolunan və “yaşıl enerji” zonası  yaratsın. Qeyd edək ki, bu istiqamətdə çox böyük layihələr hazırlanır və icra edilir. Azərbaycan öz təbii sərvətlərinin həcminə və həm də etibarlılığına görə Avropanın enerji körpüsünə çevrilir.

İqtisadi gücü və yeni texnologiyaların tətbiqi sayəsində respublikamız  enerji idxalçısından etibarlı ixracatçı ölkə kimi dünyanın diqqətini cəlb edir. Məlum olduğu kimi, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan “Yaşıl Enerji Zonası” elan edilib, təbii ki, bu da qlobal çağırışlara və müasir inkişaf tendensiyalarına uyğun strateji yanaşmanın məhsuludur. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında dəfələrlə bu ərazilərin enerji təminatında bərpaolunan enerji mənbələrindən maksimum istifadə ediləcəyi, ekoloji təmiz, səmərəli innovativ texnologiyaların tətbiq olunacağı barədə qəti mövqe ifadə edərək bildirib ki, azad edilmiş ərazilər “yaşıl enerji” zonasına çevriləcək.

Müasir dünyada günəş enerjisi bərpaolunan enerjinin ən perspektivli və ən böyük potensiala malik olan növü hesab olunur. Günəş enerjisindən elektrik enerjisi əldə etmək məqsədilə günəş panellərindən, istilik və isti su təminatı üçün isə günəş kollektorlarından istifadə edilir. Günəş enerjisi texnologiyaları yaşıl siyasətlə bağlı müxtəlif beynəlxalq tədbirlərdə və yeni layihələrdə fəal iştirak edən Azərbaycanda yaşıl enerji istehsalı və ixracını artırmaq üçün mükəmməl hədəflər müəyyən edilib. Məhz buna görə də günəş və külək enerji istehsalını yaratmaq üçün bu sahəyə investisiyalar cəlb olunur, yaşıl zona üçün lazımi texnologiyaların tətbiqi həyata keçirilir. Gələcək naminə icra olunan layihələr içərisində alternativ və bərpa edilən enerji mənbələrindən istifadə mühüm yer tutur. Qeyd edək ki, dünyada  enerji mənbələrinin tədricən tükənməsini və onlardan istifadə zamanı ətraf mühitə vurulan külli miqdarda ziyanı nəzərə alaraq, dünyanın inkişaf etmiş ölkələrində ekoloji cəhətdən təmiz alternativ (bərpaolunan) enerji mənbələrindən (günəş və külək enerjisi, kiçik SES-lər, termal sular, biokütlə enerjisi) geniş istifadə olunur. Yerləşdiyi əlverişli coğrafi mövqe və iqlim şəraiti dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, Azərbaycanda, o cümlədən Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda da ekoloji cəhətdən təmiz alternativ (bərpaolunan) enerji mənbələrindən geniş istifadə edilməsinə imkan verir.

Məlum olduğu kimi, işğaldan azad edilmiş ərazilər ciddi bərpaolunan enerji potensialına malikdir və xarici investorlar bu sahəyə böyük maraq göstərirlər. Yaxın zamanlarda Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan bərpaolunan və “yaşıl enerji” zonasına çevriləcək və bu hər iki bölgənin inkişafına müsbət təsir göstərəcək.

Məmmədova Günay,
Xəzər rayonu, S.Abbasov adına 117 nömrəli tam orta məktəbin tarix müəllimi

Oxşar Xəbərlər

Back to top button