Reinteqrasiya məsələsini müzakirə etmək üçün dialoqa dəvət
30 illik işğal və təcavüz, genişmiqyaslı cinayətlərinin ardınca Azərbaycanın şanlı qələbəsi, Ermənistanın və havadarlarının separat ideyalarının boşa çıxması ilə nəticələndi. Müharibədən dərhal sonra siyasi iradə və beynəlxalq hüquqa sadiqlik nümayiş etdirərək sülh prosesi başladan Azərbaycan hökuməti ilk gündən aydın sərhəd müəyyən edərək Azərbaycan-Ermənistan sülh prosesi və Qarabağın erməni sakinləri məsələsinin ayrı-ayrı proseslər olduğunu bəyan edib. İrəvan bu formulu qəbul etmək istəməsə də, istər Brüssel, istər Moskva, istərsə də Vaşinqton proseslərində Prezident masada göstərilən iki istiqamətin ayrıca saxlanılmasına nail oldu. 23 aprel 2023-cü il tarixdə Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində Həkəri çayının üzərində “Laçın” sərhəd-buraxılış məntəqəsi quruldu, fəxarət rəmzimiz üçrəngli, ay-ulduzlu dövlət bayrağımız dalğalandırıldı. Bununla da, Azərbaycan sərhədlərinin bütövlüyü tam təmin olundu. Beləliklə, xalqımız ölkə sərhədlərinin toxunulmazlığının onun üçün nə qədər böyük önəm daşıdığını bütün dünyaya bəyan etdi. Laçın sərhəd-buraxılış məntəqəsi təsis olunmaqla hüquqi cəhətdən Azərbaycanın daxili məsələsi sayılan Qarabağın erməni icmasının haqq və təhlükəsizliyi üzərində Azərbaycanın suverenliyi faktiki-fiziki formada da təmin edildi. Beləliklə, Qarabağ ermənilərinə münasibətdə yeganə müzakirə mövzusu onların Azərbaycan cəmiyyətinə reinteqrasiya məsələsi oldu. Qeyd etmək lazımdır ki, Qarabağ ermənilərinin yenidən Azərbaycan cəmiyyətinə qovuşması inteqrasiya yox, reinteqrasiya sayılır.
Bildiyimiz kimi, Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub. Razılığa əsasən, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.
Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələlərinin müzakirə edilməsi üçün Qarabağın erməni sakinlərinin nümayəndələri ilə sentyabrın 21-də Yevlaxda görüş keçiriləcək. Müzakirədə BMT-də Fransanın təşəbbüsü ilə dinləmələr təşkil olunacaq. Görüşdə ermənilərin Azərbaycan cəmiyyətinə könüllü reinteqrasiya məsələsi də müzakiə ediləcəkdir. Azərbaycan Respublikası hüquqi dövlət olaraq düşmən tərəfin dinc əhalisinə qarşı hər zaman humanist münasibət göstərib və Yevlax görüşündə də Qarabağın erməni sakinlərinin geniş formada sosial-iqtisadi reinteqrasiyası üçün hazırlanmış planı öz təsdiqini tapacaqdır. Hadisələrin axarı göstərir ki, Azərbaycanın nüfuzu get-gedə artır, Mərkəzi Asiya, Avropa, Türkiyə ilə münasibətlər inkişaf edir, Azərbaycanın beynəlxalq münasibətlərə təsir imkanları artır. Bu inkişafın qarşısını almağa heç kimin gücü çatmaz!
Yaqublu Şəfiqə,
Xəzər rayonu, 237 saylı tam orta məktəbin müəllimi