Müasir müstəqil Azərbaycan dövləti, Ulu Öndər Heydər Əliyevin şah əsəridir
Hər bir xalqın həyatında yaşanan tarixi zəfərin, baş verən əlamətdar ictimai-siyasi hadisənin öz təvəllüd zamanı mövcuddur və təqvimdə əbədiləşməsi, doğru-düzgün adlandırılması mütləq şərtdir. Bu gün “Müstəqillik Günü haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi ətrafında ictimai müzakirələr var. Söhbət 28 may Respublika Günü ilə 18 oktyabr Dövlət Müstəqilliyi Gününün dəqiq məzmun qazanmasından gedir ki, həqiqətən də bu iki tarixi-siyasi prosesi necə təqvimləşdirmək məsələsində məntiqli qərar vermək lazımdır. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. 1991-ci il oktyabrın 18-də isə “Azərbaycanın dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edilməsi ilə ölkəmiz Şərqdə ilk respublikanın varisi kimi həyata vəsiqə aldı və Azərbaycan tarixinin yeni bir dövrü – müstəqil inkişaf dövrü başlandı.XX əsrin sonlarında SSRİ-nin süqutu nəticəsində yaranmış tarixi şəraitdən istifadə edən bütün digər keçmiş sovet respublikalarında olduğu kimi, Azərbaycan da öz dövlət müstəqilliyini dünyaya bəyan etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu tarixi mərhələyə münasibət bildirərkən Sovetlər Birliyinin məhz milli siyasət fonunda dağıldığını söyləmişdir: “SSRİ böyük dövlət qismində düzgün aparılan milli siyasət hesabına mövcud oldu. Amma 1985-ci ildən SSRİ-yə rəhbərlik edən şəxslər ya öz məsuliyyətlərini başa düşmürdülər, ya da bilərəkdən zərərli addımlar atırdılar ki, bunların arasında separatçıların vaxtlı-vaxtında cəzalandırılmaması da var idi”.1995-ci il noyabrın 12-də müstəqil respublikamızın ilk Konstitusiyası qəbul olundu və yeni müstəqillik tariximizdə ilk parlament seçkiləri keçirildi. Müstəqil Azərbaycan Konstitusiyası ölkəmizdə yeni dövlət quruculuğu üçün, dövlət fəaliyyətinin və cəmiyyətin inkişafının gələcək modeli üçün hüquqi əsas yaratdı. Azərbaycanın suverenliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması baxımından tariximizin ən məhsuldar dövrünün təməli qoyuldu. Ölkədə demokratik islahatlar kursu müəyyən edildi və bu istiqamətdə ardıcıl iş həyata keçirilməyə başlandı. Milli qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atıldı.Ümummilli Liderin ən böyük arzusu işğal altında olan torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. Ulu Öndərin bu arzusunu da onun layiqli davamçısı Prezident İlham Əliyev reallaşdırdı. 2020-ci ildə 44 günlük Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı şanlı Qələbə nəticəsində işğala son qoyuldu, düşmən torpaqlarımızdan qovulub çıxarıldı, ərazi bütövlüyümüz bərpa edildi. Bu tarixi Zəfəri qazanan Azərbaycan xalqı bütün dünyaya göstərdi ki, Azərbaycanın müstəqilliyi əbədidir!
Fikrət Orucov,
YAP-ın gənc fəalı