Analitika

“Laçın” sərhəd-buraxılış məntəqəsində Erməni manipulaysiyası

23 aprel 2023-cü il tarixdə Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində Həkəri çayının üzərində “Laçın” sərhəd-buraxılış məntəqəsi quruldu, fəxarət rəmzimiz üçrəngli, ay-ulduzlu dövlət bayrağımız dalğalandırıldı. Bununla da, Azərbaycan sərhədlərinin bütövlüyü tam təmin olundu. Beləliklə, xalqımız ölkə sərhədlərinin toxunulmazlığının onun üçün nə qədər böyük önəm daşıdığını bütün dünyaya bəyan etdi.

“Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılmasını həzm edə bilməyən Ermənistan tərəfi və onu himayə edən mənfur qüvvələr, ölkəmizi Ermənistanla sərhəddə vəziyyəti gərginləşdirməkdə, Qarabağ bölgəsində humanitar böhran yaratmaqda təqsirləndirirlər. Beynəlxalq Ədalət Məhkəməsinin də 6 iyul tarixli qərarında bu sərhəd-buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı müraciəti yekdilliklə rədd etməsi, bir daha Ermənistan tərəfinin iddialarının əsassız olduğunu sübut edib.Lakin Ermənistan öhdəliklərinə zidd olaraq, silahlı qüvvələrini torpaqlarımızdan tam olaraq çıxarmamaqla yanaşı, Laçın yolu vasitəsilə onların rotasiyasını həyata keçirib, silah-sursatla təchiz edib, Azərbaycanın təbii sərvətlərinin talan edilməsi ilə məşğul olub. Azərbaycan tərəfindən erməni sakinlərin, Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) və Rusiya sülhməramlı kontingentinin sərhəd-buraxılış məntəqəsindən keçidinin təmin olunmasına baxmayaraq, Ermənistan tərəfi ərazilərimizdə qeyri-qanuni fəaliyyətini davam etdirmək məqsədilə, bölgədə saxta “gərgin humanitar vəziyyət” barədə iddialar yayıb. Eyni zamanda, 15 iyun tarixində sərhədçilərimizin atəşə tutulması, qaçaqmalçılığa cəhd edilməsi, yük avtomobillərinin 26 iyul tarixində Azərbaycan ərazilərinə icazəsiz göndərilməsi kimi təxribatlar törədib.

Suveren ərazilərində yaşayan erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün Azərbaycan tərəfindən “Ağdam-Xankəndi” yolundan və digər alternativ yollardan istifadə daxil olmaqla, bir sıra təkliflər irəli sürülmüşdür. Avropa İttifaqı, Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən dəstəklənmiş olan erməni tərəfi bu təkliflərə qarşı çıxmış, alternativ yollara beton maneələr düzməklə əraziyə girişi bloklanmışdır. Bu isə, qarşı tərəfin “humanitar vəziyyət” barədə iddialarının siyasi şantaj və manipulyasiya olduğunu bir daha göstərir.

Bütün təxribatlara baxmayaraq, Azərbaycan tərəfi Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən erməni sakinlərin keçidinə şərait yaradır. Hazırda gömrükçülərimiz yüksək intizam və nəzakətlə öz xidməti vəzifələrini qürurla icra edirlər. Ökəmizin Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsini yaratmasında məqsəd heç də qarşı tərəfin iddia etdiyi kimi, hərəkəti məhdudlaşdırmaq deyil, əksinə, Laçın-Xankəndi yolunda avtomobillərin və insanların təhlükəsiz hərəkətini təmin etməklə yanaşı, ölkə ərazisinə qeyri-qanuni daşımaların qarşısını almaqdır. Azərbaycan hazırda bölgədə davamlı sülh və təhlükəsizliyin təmin edilməsi üçün səy göstərir və bu məqsədlə sülh sazişi, delimitasiya, kommunikasiyaların açılması istiqamətində təşəbbüslər irəli sürür. Diplomatlarımızın ortaya qoyduğu təkzibedilməz faktlar təkcə Ermənistanın deyil, eləcə də onu dəstəkləyən dövlətlərin qurduğu humanitar fəlakət oyununun saxta olduğunu sübut etmişdir. Düzgün siyasi istiqamət dövlətimizin mövqeyini daha da möhkəmləndirməklə yanaşı, bölgədə sülhün təmin olunmasına beynəlxalq etbarını daha da artırır!

Yaqublu Şəfiqə,
Xəzər rayonu, 237 saylı tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button