Analitika

Qürur duyulası hal və ali ədalətin təntənəsi

Bir zamanlar torpaqlarımızı işğal edən, soydaşlarımızı öz doğma yurd-yuvalarından didərgin salan, onları qətlə yetirən düşmən indi şanlı Azərbaycan bayrağının altından keçərək, sərhədçilərimizin önündə dinməz-söyləməz farağat dayanır.

Laçın rayonu da işğal olunan rayonlardan biri idi. 1992-ci il mayın 18-də işğal edilmiş Laçın rayonu Azərbaycanın strateji bölgəsi idi. Laçının və eləcə də Kəlbəcərin işğalı Ermənistanla Qarabağ arasında quru əlaqəsi yaranmışdı. Bu da öz növbəsində Azərbaycanın digər rayonlarının işğalına şərait yaratmışdı. Laçının işğalı nəticəsində 1 şəhər, 1 qəsəbə, 125 kəndi düşmən tapdağı altında qaldı, döyüşlərdə 300-dən artıq hərbi və mülki şəxs həlak oldu və itkin düşdü. 79.1 min nəfər rayonun əhalisi respublikanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşdılar.

2022-ci il Laçın rayonu işğaldan azad olunanda İlham Əliyev xalqa müraciətində bildirdi: “Böyük sevinc hissi ilə bildirirəm ki, Laçın rayonu işğaldan azad olundu. Bütün Azərbaycan xalqını bu münasibətlə ürəkdən təbrik edirəm. Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Özü də bir güllə atmadan biz Laçın rayonunu qaytardıq. Düşməni buna məcbur etdik. Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz – Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq”.

Bəli, erməni işğalı altında olan son rayonumuz- Laçın Azərbaycan, Ermənistan və Rusiya dövlət başçılarının 10 noyabr tarixində imzaladığı Birgə Bəyanata uyğun olaraq, dinc yolla Azərbaycana qaytarıldı. Bununla da iyirmi səkkiz illik erməni işğalından azad olunan Laçın rayonunda yenidən üçrəngli şanlı Azərbaycan bayrağı dalğalanmağa başladı. Azərbaycanın ən böyük rayonlarından biri olan Laçının şəhid verilmədən erməni işğalından azad edilməsi ölkəmizin ictimai-siyasi həyatına möhtəşəm və parlaq tarixi hadisə kimi daxil oldu. Laçının işğaldan azad edilməsi ilə ərazi bütövlüyümüz tam bərpa olundu. Bu tarixi qələbə dünyada rezonans doğurdu. İllərlə siyasi söhbətlər aparılmasına baxmayaraq, həll olunmayan məsələ 44 gündə həll olundu. Azərbaycan tərəfinə 17 il ərzində dəfələrlə müxtəlif xarici dairələrdən yalnız beş rayonun qaytarılmasına razılaşmaq üçün təzyiq edilsə də, Ali Baş Komandan iqtisadi, hərbi, diplomatik baxımdan güclənərək Vətən müharibəsi modelini seçməyi üstün tutdu, bu model özünü doğrultdu, Azərbaycan yeni hərbi-siyasi reallıq yaratdı. Dağlıq Qarabağ ətrafındakı 7 rayonu Azərbaycanın məhz özünün döyüşərək, hərbi-siyasi yolla geri alması möhtəşəm tarixi Qələbəmizin daha bir təntənəsi idi. İlham Əliyev bütün dünyanın mərkəzində idi və hamı bu qələbəni böyük heyrətlə qarşıladı. Kiçik bir dövlətin bu qədər böyük bir hadisəyə imza atması ağlasığmaz bir hadisə idi.

Ölkə başçısı Laçının azad edilməsi ilə əlaqədar xalqa müraciətində bir çoxu üçün bilinməyən, qaranlıq qalan məslələrə aydınlıq gətirdi – “Onu da bildirməliyəm ki, uzun illər ərzində – 30 ilə yaxın aparılan danışıqlarda Laçın rayonunun Azərbaycana qaytarılması, xüsusilə Laçın dəhlizi ilə bağlı olan məsələ həmişə çox önəmli və ayrı bir mövzu kimi müzakirə olunurdu. Ermənistan tərəfi, ümumiyyətlə, hesab edirdi ki, bütün Laçın rayonu onlara dəhliz kimi verilməlidir. Əfsuslar olsun ki, bəzi Qərb dairələri bu mövqeyi dəstəkləyirdi. Bu da Ermənistanın mövqeyini daha barışmaz edirdi və demək olar ki, düşmən tamamilə azğınlaşmışdı. Bunun nəticəsində, məhz Laçın rayonunda çox ciddi məskunlaşma siyasəti aparılırdı. İşğaldan azad edilmiş digər yerlərdə qanunsuz məskunlaşma baş verirdi, amma bu dərəcədə yox, bu həcmdə yox. Yəni, Ermənistan rəhbərliyində Laçın rayonunu Azərbaycana qaytarmaq fikri olmamışdır. Biz Laçın dəhlizi haqqında danışıqlar zamanı mövzulara toxunarkən həmişə həm Ermənistan, həm də onun havadarları qeyd edirdilər ki, yox, Laçın rayonu ayrı mövzudur. Birbaşa bizə deyilməsə də, belə bir fikir həmişə var idi ki, Laçın rayonu hansısa formada Ermənistana qalmalıdır”.

Lakin bu məsələdə Prezident İlham Əliyevin mövqeyi prinsipial və qəti idi. Bu məqama toxunan cənab Prezident xalqa müraciətində bildiridi: “Mən isə həmişə deyirdim ki, Laçın, Kəlbəcər və Şuşa Azərbaycana qayıtmasa, heç bir razılaşma ola bilməz. Mənim mövqeyim xarici ölkələrdə bir çoxlarını qıcıqlandırırdı. Mən deyirdim ki, bizim ərazi bütövlüyümüz bərpa edilməlidir. Deyirdim ki, müharibə variantı heç vaxt istisna olunmur. Nəinki deyirdim, bütün bu illər ərzində bütün gücümüzü səfərbər edib ölkəmizi gücləndirirdik, güc toplayırdıq – həm beynəlxalq müstəvidə, həm ölkə daxilində, həm iqtisadi məsələlərin həllində, ölkəmizdə həmrəyliyin və birliyin möhkəmlənməsində, ordu quruculuğunda güc toplayırdıq. Bu gücü dəmir yumruq formasına gətirdik, düşmənin belini qırdıq və bu gün biz yeni reallıq yaratdıq”.

Əslində hər birimiz tam əminik ki, siyasi yolla olmasa da hərbi yolla Azərbaycan Ordusu mütləq Laçını, Kəlbəcəri və Ağdamı düşmən tapdağından azad edəcəkdi. Buna heç bir şübhə yoxdur. Amma eyni zamanda biz hər birimiz bilirik ki, yerləşdikləri çətin relyefdə mövsüm şərtləri də nəzərə alınarsa bizim çoxsaylı itkilərimiz olacaqdı. Təkcə Ağdamda 5 müdafiə xətti var idi. Və bunların hər birinin aşılması zamanı itkilər qaçılmaz idi. Buna görə də sözügedən üç rayonun danışıqlar yolu ilə geri qaytarılması Azərbaycanın böyük və möhtəşəm siyasi qələbəsidir. Təbii ki, düşmən buna öz xoşu ilə razı olmadı. Bu birbaşa Azərbaycan Silahlı Qüvvələrinin cəbhədə əldə etdiyi qeyri-şərtsiz qələbənin məntiqi davamı idi.

Beləliklə, sonda bir daha vurğulamaq istərdim ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, hərbi qələbəni siyasi qələbəyə çevirən diplomatik məharəti nəticəsində Ağdam və Kəlbəcər kimi Laçın rayonunun da qan tökülmədən, şəhid verilmədən geri qaytarılması mühüm tarixi hadisə kimi daim yaddaşlarda qalacaqdır.

Qədirova Çinarə,
Xəzər rayonu 262 saylı tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button