Siyasət

Nazir Sergey Aleynik: Belarus və Azərbaycan arasında tarixi əməkdaşlıq əlaqələri mövcuddur

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündə iştirak etmək üçün ölkəmizdə səfərdə olan Belarus Respublikasının xarici işlər naziri Sergey Aleynik ilə görüşüb.

Globalnews.az AZƏRTAC-a istinadən xəbər verir ki, görüş zamanı iki ölkə arasında müxtəlif sahələrdə mövcud ikitərəfli, habelə çoxtərəfli platformalarda əməkdaşlıq məsələləri müzakirə edilib.

Həmkarını bu yüksək vəzifəyə təyinatı münasibətilə bir daha təbrik edən nazir Ceyhun Bayramov, iki ölkə arasında bütün səviyyələrdə səmərəli təmasların mövcud olduğunu qeyd edib. Ceyhun Bayramov həm ikitərəfli, həm də çoxtərəfli müstəvilərdə iki ölkə arasında bir-birinin maraqlarını nəzərə alan səmərəli təmasların və əməkdaşlığın mövcud olduğunu söyləyib.

Belarusun xarici işlər naziri Sergey Aleynik ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün bir sıra mötəbər tədbirlərlə qeyd edildiyini məmnunluqla vurğulayıb. O, həmçinin ölkələr arasında kənd təsərrüfatı, turizm, maşınqayırma və digər sahələrdə geniş tarixi əməkdaşlıq əlaqələrinin mövcud olduğunu bildirib.

Görüş zamanı digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Oxşar Xəbərlər

Back to top button