Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü ordusudur
Dövlətin qüdrətini şərtləndirən amillər sırasında iqtisadi yüksəliş və güclü ordu daha böyük rola malikdir. Bu gün qürurla deyə bilərik ki, ölkəmiz iqtisadi və siyasi nailiyyətlərə imza atmaqla yanaşı, ordu quruculuğu prosesində də böyük uğurlar əldə edib. Dünya ictimaiyyəti etiraf edir ki, Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü ordusudur. Cənab Prezident İlham Əliyevin dediyi kimi “dünyada geosiyasi vəziyyət gərginləşir, bölgəmizdə yeni təhdidlər mövcuddur, Ermənistanda revanşist qüvvələr baş qaldırır. Bütün bunları nəzərə alaraq, Ordumuzun daha da gücləndirilməsi vəzifəsi bir nömrəli vəzifə olaraq qalır. Buna nail olmaq üçün kompleks tədbirlər görülür” Bu tədbirlərdən biri də ölkəmizdə yeni hərbi hissələrin – “Komando” hissələrinin sayının gündən-günə artırılmasıdır. Türkiyə Silahlı Qüvvələrinin təcrübəsinə əsaslanan “Komando” hərbi hissələri bütün növ döyüş tapşırıqlarının icrasını hər an yerinə yetirməyə hazır olan hərbi qruplardır. Ümumiyyətlə, komandolar fiziki və nəzəri hazırlıqları yüksək olan hərbçilərdir. Onlar qısa müddət ərzində hədəfin detalları ilə birlikdə kəşfiyyatını həyata keçirdərək vəziyyəti qiymətləndirib hədəfi məhv etmək bacarığına malikdirlər. Qeyd edək ki, Türkiyədə “Kommando”, “Bordo bereli” “SAT-SAS”, ABŞ-da “Reyncer”, “Delta forçe”, Rusiyada “Alfa”, “Vımpel”, “Delta”, İsraildə “Amor”, Böyük Britaniyada “Kommandos”, “Skorpion”, Finlandiyada “Yeger”, Gürcüstanda Xüsusi Əməliyyatlar Qrupu (Group “A”), Azərbaycanda “Yarasa”, “Qartal”, “Şahin”, “Vaşaq”, “Əqrəb” və s. şərti adlarla tanınan xüsusi təyinatlı dəstələr mövcuddur. Azərbaycan xüsusi təyinatlıları şərti olaraq Müdafiə Nazirliyi tabeliyində olan elit xüsusi təyinatlılara (“Turan”, “Yarasa”, “Kobra” və s.), Dəniz Əməliyyatları Dəstəsinə (“NavySEALs”), Daxili Qoşunların hərbi hissələri üzrə xüsusi təyinatlılara (“Pələng”, “Vaşaq”, “Kobra”, “Bəbir”, “Gürzə” və s.) və digər qruplara ayrılırlar. Bəs, yeni yaranan “Komando” hərbi hissələri xüsusi təyinatlılardan hansı cəhətlərinə görə fərqlənir? 44 günlük Vətən müharibəsi ordunun modernləşməsinə, müasirləşməsinə, təkmilləşdirilməsinə hər zaman ehtiyac duyulduğunu bir daha sübut etdi. “Komando” tipli hərbi hissələrin yaradılması təklifi qardaş Türkiyə tərəfindən irəli sürülüb. Model olaraq da məhz Türkiyə modelinin seçilib. Komandolar elit hərbi hissələr sayılır. Onlar verilən istənilən tapşırığı yerinə yetirmək əzmindədirlər. Xüsusi təyinatlılarla onların fərqi elə də böyük deyil. Sadəcə, xüsusi təyinatlılar yalnız xüsusi tapşırıqları yerinə yetirirlərsə, “Komando” təyinatlı hərbi hissələr istənilən tapşırığı yerinə yetirmək hazırlığına malik olurlar. Onlar istər suda, istər quruda, bütün coğrafi şəraitlərə uyğun əməliyyatları apara bilirlər.
Günel Əbdürəhmanova,
YAP-ın gənc fəalı