44 günlük Vətən müharibəsində qazandığımız şanlı Qələbədən sonra ordu quruculuğu prosesi yeni mərhələyə qədəm qoyub
Bu gün qürurla deyə bilərik ki, ölkəmiz iqtisadi və siyasi nailiyyətlərə imza atmaqla yanaşı, ordu quruculuğu prosesində də böyük uğurlar əldə etmişdir. Ona görə də artıq bütün dünya Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın regionun ən qüdrətli ordusuna sahib olması həqiqətini qəbul edir.Müasir Azərbaycan dövlətinin qurtuluş və inkişaf dövrü xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanın hərtərəfli inkişafına, qüdrətlənməsinə öz töhfəsini verərək, onun gələcəyinin inkişaf strategiyasını müəyyən edib. Ordu quruculuğunun müxtəlif sahələri ilə bağlı zəruri olan qanunlar qəbul edildi. Ulu Öndərin 1998-ci il may ayının 22-də imzaladığı fərmanla “26 iyun Silahlı Qüvvələr Günü” təsis edildi və hər il iyun ayının 26-sı Silahlı Qüvvələr Günü kimi qeyd edilir. Bu gün Ümummilli Lider Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyev ordu quruculuğuna böyük diqqət və qayğı göstərir. Azərbaycan ordusu artıq bu gün dünyanın ən güclü ordularından biri sayılır. Heydər Əliyevin təhlükəsizlik siyasəti və strategiyası, ordu quruculuğu ilə bağlı başladığı işlər Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
İyunun 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olub, hərbi hissəyə Döyüş bayrağını təqdim edib. Komando hərbi hissələrinin yaranması ilə paralel olaraq Azərbaycan Ordusunun digər hissə və bölmələrinin silahlanması müasir uzaqmənzilli raketlərin alınması, bir çox ölkələrlə yeni silah təchizatı barədə müqavilələrin imzalanması, yerli müəssisələrlə qardaş və müttəfiq ölkələrin müdafiə, sənaye şirkətlərinin Azərbaycan ərazisində birgə istehsal sahələri yaratması və sair kimi tədbirlər Azərbaycan Ordusunun ən yaxın perspektivdə kifayət qədər yüksək potensiala malik olması etməsi və bütün beynəlxalq reytinqlərdə daha yüksək yerlərdə qərarlaşması ilə nəticələnə bilər. Dövlətimizin başçısının dediyi kimi, Vətən müharibəsindən sonra yeni silahların alınması prosesi davam edir. Həm yeni pilotsuz uçuş aparatlarının, həm də uzaqmənzilli raketlərin ölkəmizə gətirilməsi ilə bağlı bir çox kontraktlar artıq imzalanıb. O raketlər ki, böyük dağıdıcı qüvvəyə və yüksək dəqiqliyə malikdir. Bəli, 44 günlük Vətən müharibəsində qazandığımız şanlı Qələbədən sonra ordu quruculuğu prosesi yeni mərhələyə qədəm qoyub. Müdafiə Nazirliyinin strukturunun təkmilləşdirilməsi, Komando Qüvvələrinin yaradılması, digər xüsusi təyinatlı qüvvələrdə şəxsi heyətin say tərkibinin genişləndirilməsi, yeni silahların alınması və bu istiqamətdə bir çox kontraktların imzalanması Azərbaycan Ordusunun peşəkarlığının və qüdrətinin artmasını şərtləndirir. Azərbaycan həm təxribatların qarşısını almaqla, həm də qətiyyətli mövqe sərgiləməklə bəyan edir ki, üçtərəfli Bəyanatın bütün tələbləri zamanında, tam və qeyd-şərtsiz yerinə yetirilməlidir. Bir daha sübuta yetirilir ki, Vətən müharibəsində şanlı Qələbə qazanmış Azərbaycan yeni reallıqlar yaradıb və istər məğlub Ermənistan, istərsə də onun havadarları bu reallıqları dəyişmək iqtidarında deyil. Cənab Prezident söylədi ki, “bu gün Azərbaycan o ölkələrdəndir ki, öz müqəddəratını özü müəyyən edir, heç kimdən asılı deyil və olmayacaq, öz sözünü açıq deyir və müstəqil siyasət aparır”. Həqiqətən də, qalib və qüdrətli Azərbaycanın strateji seçimləri, yanaşması, iradəsi və mövqeyi bəllidir. Atdığımız addımlar milli maraqlara və beynəlxalq hüquq normalarına əsaslanır, sülhə və təhlükəsizliyə xidmət edir.
Səba Rzayeva
YAP-ın gənc fəalı