Analitika

Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində aparılan işlər ölkəmizdə qüdrətli ordu yaratmağa imkan verdi

Milli silahlı qüvvələrin formalaşması prosesi ötən əsrin əvvəllərindən başlayıb – 1918-ci ildən. Öz müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə həmin il iyunun 26-da ilk nizami hərbi hissə – Əlahiddə Azərbaycan Korpusu yaradıldı. Müsəlman Korpusunun adının dəyişdirilməsi və Əlahiddə Azərbaycan Korpusu kimi adlandırılması milli silahlı qüvvələrin yaradılması istiqamətində mühüm addım oldu.

Avqustun 1-də AXC-nin Hərbi Nazirliyi təsis edildi. General Səməd bəy Mehmandarov dekabrın 25-də hərbi nazir, general-leytenant Əliağa Şıxlinski nazir müavini təyin edildilər. Qısa müddətdə Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etdi.

Azərbaycan Respublikası Prezidentinin 22 may 1998-ci il tarixli fərmanına əsasən, 26 iyun tarixi Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan edilmişdir. Nizami orduya malik olmayan Azərbaycanın qarşısında duran əsas iş Qarabağ uğrunda gedən döyüşlərdə vəziyyəti nəzarət altına almaq idi ki, bu da çox çətinliklə həyata keçirilirdi. Ordunun maddi-texniki təminatı problemlərlə müşayiət edilirdi. Ancaq tədricən müharibədəki məğlubiyyətlərin qarşısını almaq üçün ölkənin bütün imkanları milli ordu quruculuğuna səfərbər edildi. Könüllü batalyonlardan nizami orduya doğru ilk ciddi addımlar atıldı. Qismən hərbi səfərbərlik və orduya çağırış işi yoluna qoyuldu.

Ölkədə peşəkar ordu quruculuğunun əsası isə 1993-cü ilin sonlarında qoyuldu. Ümummilli lider Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra da ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı. 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycan Milli Ordusunun formalaşması daha da sürətləndi. Həyata keçirilən uğurlu siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına və döyüş ruhunun yüksəldilməsinə xüsusi diqqət ayrıldı.

Prezident İlham Əliyev tərəfindən Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsinə, müasir infrastrukturun yaradılmasına, hərbi qulluqçuların sosial müdafiəsinə, mənzil təminatının yaxşılaşdırılmasına, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsinə hər zaman xüsusi diqqət yetirilir. Son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla Ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir. Silah və hərbi texnikaların satın alınması və hərbi məhsulların istehsalına dair bir sıra ölkələrlə müqavilələr imzalanaraq hərbi əməkdaşlıq əlaqələri genişləndirilib.

Silahlı qüvvələrin modernləşdirilməsi Prezident İlham Əliyevin dövlət siyasətinin strateji isiqamətlərindəndir. Ölkəmizin son illərdə dinamik inkişafı silahlı qüvvələrin büdcəsinin artması və nəticə etibarilə ordumuzun güclənməsi ilə müşayiət olunması Prezidentin Ordu quruculuğu ilə əlaqədar öz vədinə sadiq olduğunu təsdiq edir.

Bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarətdir. Bu qoşun növləri potensial rəqiblə qırıcı və bombardmançı təyyarələrlə effektiv mübarizə aparmaq iqtidarındadır. MDB çərçivəsində Azərbaycan hava hücumundan müdafiə qüvvələrinə malik ən güclü ölkələrdən sayılır. Büdcə vəsaiti ildən-ilə artırılan Azərbaycan Silahlı Qüvvələrinin buna müvafiq olaraq hərbi imkanları da genişlənir.

Azərbaycan Ordusunun gücünün beynəlxalq ictimaiyyət tərəfindən etiraf edilməsi qürurvericidir. II Qarabağ müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir.

Bu gün Silahlı Qüvvələr Gününü məhz bu uğurumuzun-torpaqlarımızın işğaldan azad olunmasının sevincini yaşayaraq qeyd edirik. Hər bir bayram tədbiri əldə olunan uğurlarla bağlı bir ümumiləşdirmə aparmağı, qarşıdakı dövr üçün prioritetləri açıqlamağı bir zərurətə çevirir. 26 İyun- Silahlı Qüvvələr Günündə 103 yaşlı ordumuzun keçdiyi inkişaf yolunu bir yazıda əhatə etmək mümkün olmasa da, reallıq budur ki, Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer alıb, 44 günlük İkinci Qarabağ müharibəsində tarix yazıb, işğala son qoyaraq, Böyük Qayıdışa yol açıb.

Azərbaycan Silahlı Qüvvələrinin təyinatı Azərbaycan dövlətinin müstəqilliyini, ərazi bütövlüyünü və onun xalqının azadlığını qorumaqdır.

Məmmədova Nazilə,
Xəzər rayonu, 120 nömrəli tam orta məktəbin direktoru

Oxşar Xəbərlər

Back to top button