Analitika

Milli ordumuzun inkişaf tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır

Müasir Azərbaycan dövlətinin qurtuluş və inkişaf dövrü xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan Ordusunu müasir müstəqil dövlətimizin memarı və qurucusu olan ulu öndər Heydər Əliyev formalaşdırmışdır. Qarşısına qoyulan hər hansı tapşırığı yüksək səviyyədə yerinə yetirmək iqtidarına malik olan Azərbaycan Silahlı Qüvvələri bu gün NATO standartlarına cavab verən səviyyədədir. Vahid komandanlığa tabe olan, müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Ordusu ümummilli lider Heydər Əliyevin başladığı və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasət nəticəsində gündən-günə daha da möhkəmlənir, döyüş qabiliyyətini artırır. Azərbaycan beynəlxalq aləmdə güclü iqtisadiyyata malik bir ölkə kimi tanınmaqla yanaşı, həm də NATO standartlarına uyğunlaşmış modern ordusuyla da diqqəti cəlb edir. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin həyata keçirdiyi mühüm tədbirlərdən biri də Milli Ordunun təşkili idi. Əlahiddə Azərbaycan Korpusunun yaradılması ilə ordu quruculuğunun əsası qoyulsa da, Xalq Cümhuriyyəti süqut etdikdən sonra ölkəmizdə ordu quruculuğu prosesi dayanmış, ulu öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi geniş vüsət almışdır. Ümummilli liderin təşəbbüsü ilə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Məktəb yaradılmışdır. 1991-ci ilin sonlarında SSRİ-nin dağılması nəticəsində öz müstəqilliyini yenidən bərpa edən Azərbaycan mürəkkəb ictimai-siyasi durumla üzləşmişdi.

Keçmiş Ali Sovet Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılması barədə qərar qəbul etsə də, müstəqilliyin ilk illərində ordu quruculuğunda ciddi qüsurlara yol verildi, Azərbaycan Ordusunun yaranması sadəcə kağız üzərində qaldı. Ölkədəki ağır vəziyyət və iqtidarda olanların yaratdıqları xaos, özbaşınalıq, hərc-mərclik müstəqilliyimizi təhlükə qarşısında qoydu. Bundan istifadə edən düşmən torpaqlarımızın işğalını davam etdirir, ayrı-ayrı silahlı birləşmələr isə müxtəlif qrupların maraqlarına xidmət edirdilər. 1993-cü ilin yayında ümummilli lider Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində də mühüm addımlar atıldı, 1994-cü il mayın 12-də atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycanda ordu quruculuğu daha da sürətləndi, həyata keçirilən siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı.

Azərbaycan Ordusu qısa müddət ərzində böyük inkişaf yolu keçdi və bölgənin ən güclü qüvvəsinə çevrildi. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır. Hərtərəfli güclənən, hərbi qüdrəti, döyüş qabiliyyəti artan Azərbaycan Ordusu böyük inkişaf yolu keçib. Ümummilli lider Heydər Əliyevin ordu quruculuğu, eləcə də milli təhlükəsizlik siyasəti ilə bağlı başladığı işlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2020-ci il sentyabrın 27-də başlayan Zəfər savaşı Azərbaycan tarixinə şərəf və qürurla yazıldı. Qırx dörd gün ərzində bütün dünya Azərbaycan Ordusunun maddi-texniki bazası, taktiki gedişləri, xüsusilə də əsgərlərimizin qəhrəmanlığı qarşısında heyran qaldı. Azərbaycan qalib gəldi, şərəfli Ordumuzun qəhrəmanlığı ilə işğala son qoyuldu, Vətən bütövləşdi. İftixarla qeyd etmək yerinə düşər ki, bugünkü qüdrətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanımızın birbaşa müəllifliyi ilə qalib ordu statusu alıb. İndi Azərbaycan qalib dövlət kimi həyatının ən xoşbəxt günlərini yaşayır. Biz güclüyük, qüdrətliyik, regionun lideri, dünyada söz sahibiyik. Şübhəsiz ki, bu uğurlarımız Ulu Öndər Heydər Əliyevlə başlayan siyasi kursun mükəmməl davamçısı Prezident İlham Əliyevin xidmətidir. Bu gün qüdrətli Azərbaycan dövləti qalib sərkərdə və qalib ordu vəhdətinin gücü ilə daha da ucalır. Bu birlik düşmənə kədər, dosta sevinc yaşadır. Azərbaycanın təhlükəsizliyinin və inkişafının təminatçısı da qalib Komandan, qalib Ordu, qalib Xalq birliyindədir.

Əsədov Nazim,
Xəzər rayonu, 256 saylı tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button