Müstəqilliyimizin qorunması yolundakı lider – Ulu öndər Heydər Əliyev fəaliyyətinin izi ilə
Azərbaycan xalqının əzmi nəticəsində əldə edilmiş müstəqilliyin mühafizəsi daha böyük məsuliyyət və səriştə tələb edirdi. Təəssüflər olsun ki, hakimiyyəti idarə edən şəxslər dövrün siyasi gərginliyini düzgün qiymətləndirmirdi. Dövlət idarəetməsində heç bir təcrübəsi olmayan şəxslərin vəzifəyə gətirilməsi suverenliyimizə təhdid yaratmışdı. AXC-Müsavat cütlüyünün bir illik hakimiyyəti ölkədə anarxiya, xaos, özbaşınalığın tüğyan etməsi, iqtisadiyyatın çökməsi, əhalinin sosial durumunun son dərəcə ağırılaşması, torpaqlarımızın işğalı ilə nəticələnmişdi. Yalnız hakimiyyəti saxlamağı düşünərək səriştəsiz insanlar ölkəmizə faciə gətirmiş, günahsız insanların həlak olmasına şərait yaratmışdır. Dövlət əmlakının talan edilməsi xalqı acınacaqlı duruma salmışdı. Ulu öndər baş verən hadisələri düzgün dəyərləndirərək ölkə müstəqilliyinin qorunub saxlanılmasını əsas məqsədinə çevirmişdi. İfadə etdiyi fikirlərdən biz bunu aydın şəkildə anlaya bilərik. “Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm. Ali Sovetin sədri kimi Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün əsas vəzifələrdən biri hesab edirəm. Azərbaycan Respublikasının dövlət müstəqilliyi 1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Respublikasının ənənələri əsasında, müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən daim çalışacağam və heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini, harada olursa-olsun yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Bununla əlaqədar olaraq bildirmək istəyirəm ki, mənim fikrimcə, Azərbaycan Respublikası, bundan sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcək.” – Ulu Öndər Heydər Əliyev.
1993-cü ildə yaranmış qeyri-sabit vəziyyət idarə olunmaz hal almışdı. Nəticədə 1993-cü ilin 15 iyun tarixində Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. 1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığına görə, Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürmüş və ölkənin o dövrkü rəhbərliyi onu Bakıya dəvət etməyə məcbur olmuşdur. Ulu Öndər Heydər Əliyev Ali Sovetin sədri kimi ilk gündən parlamentarizm ənənələrinə sadiq qalaraq aşkarlıq prinsipinə üstünlük verdi. Milli Məclisin iclasları, mətbuat konfransları, respublika əhəmiyyətli müşavirələr birbaşa yayımla televiziya ekranlarına verildi. Ölkədəki vəziyyət olduğu kimi xalqa çatdırıldı. İctimai-siyasi həyatdakı gərginliyin aradan qaldırılması üçün lazımi tədbirlər görülməyə başlandı. Parlamentin 24 iyun 1993-cü il tarixli iclasında Prezident səlahiyyətlərinin Ali Sovetin sədri Heydər Əliyevə verilməsi barədə qərar qəbul etdi. Ulu Öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-dən oktyabrın 3-dək Ali Sovetə rəhbərlik etdiyi dövrdə parlamentarizm ənənələri yeni nəfəs, yeni qüvvə aldı. Ulu Öndər bu qısa müddətdə parlamentin ruhunu kökündən dəyişdi. Milli Məclisə siyasi mədəniyyət gətirdi. Onun iclası aparmaq tərzi, fikirlərini dəqiq əsaslandırması, çıxışların məğzini tutmaq bacarığı, qiymətli fikirləri ümumiləşdirmək qabiliyyəti özlüyündə parlamentin üzvləri üçün yeni bir örnək, əsl parlamentarizm məktəbi idi.
Xalqın birliyi naminə separatçılıq cəhdlərin və vətəndaş qarşıdurmasının qarşısı alındı. 1993-cü ilin 7 avqust tarixində cənub bölgəsində “Talış-Muğan Respublikası” elan olunmuşdu. Bununla əlaqədar Heydər Əliyev avqustun 13-də parlamentdə həmin bölgədən olan deputatlar, ziyalılar, ağsaqqallarla görüşüb vəziyyəti müzakirə etdi. Avqustun 17-də isə Milli Məclis “Azərbaycan Respublikasının Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarında yaranmış vəziyyət haqqında” Qərar qəbul edərək “Talış-Muğan Respublikası” avantürasına siyasi qiymət verdi. Tezliklə əhalinin istəyi ilə bu bədnam iddiaya son qoyuldu.
Ulu Öndər Heydər Əliyevin adı tariximizə Vətənin və xalqın xilaskarı kimi yazılıb. Ulu Öndər Azərbaycanı məhv olmaqdan, parçalanmaqdan xilas etdi. Asayiş və qayda-qanun bərqərar edildi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunmasına son qoyuldu. Nizami ordu yaradıldı, Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişəsinin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı. İdarəetmə sistemi formalaşdırıldı, insanlara öz dövlətinə inamı qaytarıldı. Neft müqavilələri imzalandı, Azərbaycanın iqtisadi dirçəlişinin əsası qoyuldu. Qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son verildi, ilk parlament seçkiləri keçirildi və referendum yolu ilə Konstitusiya qəbul edildi. Azərbaycanın beynəlxalq əlaqələri formalaşdırıldı, ölkənin dünya birliyinə inteqrasiyası prosesi başlandı. Siyasi islahatlara start verildi, çoxpartiyalı sistem yarandı.
Müharibəyə son qoymuş atəşkəs, mövcud böhranlı vəziyyətdən çıxmaq üçün atılmış ən doğru addım idi. Ümummilli Lider Heydər Əliyevin xalqa müraciətindən sonra qəlbində Vətən sevgisi olan, respublikamızdan kənarda hərbi xidmət keçən peşəkar zabitlərin Azərbaycana axını başlandı. Bu müraciət bütün ictimaiyyət tərəfindən dəstəkləndi, ordudan yayınma hallarının, cəbhədə geriləmələrin qarşısı alındı. Hərbi uğursuzluqlarla üzləşdiyini və daha irəliləyə bilmədiyini görən təcavüzkar Ermənistanın rəhbərliyi 1994-cü ilin mayında danışıqlar masası arxasında oturmağa, cəbhə bölgəsində atəşkəsi nəzərdə tutan Bişkek protokolunu 1994-cü il mayın 8-də imzalamağa məcbur oldu.
Ölkənin dayanaqlı iqtisadi inkişafını və beynəlxalq əhəmiyyətini müəyyən etmiş “Əsrin müqaviləsi” Azərbaycanın bugünkü iqtisadi əməkdaşlığını təmin edən mayaka çevrildi. Ulu Öndər Heydər Əliyevin neft strategiyasının təcəssümü olan “Əsrin müqaviləsi” 1994-cü ilin sentyabr ayının 20-də Azərbaycanın Dövlət Neft Şirkəti ilə 6 ölkənin 10 şirkəti arasında bağlanmışdır. “Əsrin müqaviləsi” həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxil olmuşdur. “Əsrin müqaviləsi” Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirmişdir. Həmin müqavilə daha sonra 19 ölkənin 41 neft şirkəti ilə 26 müqavilənin imzalanmasına yol açmışdır. Ulu Öndər Heydər Əliyev demişdi: “Əsrin müqaviləsi ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firavan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl imkanlar
Ulu öndər Heydər Əliyevin ideyaları bugün qalib gəlmiş Azərbaycan timsalında yaşamaqdadır. Azərbaycan xalqı bu amalı öz hədəfinə çevirərək daha güclü gələcək üçün addımlamaqdadır.
Mənzər Ağabəyova,
Xəzər rayonu, 156 nömrəli tam orta məktəbin müəllimi