Analitika

Azərbaycan xalqının tarixini ordusuz təsəvvür etmək mümkünsüzdür

Azərbaycan xalqının son birəsrlik tarixini ordusuz təsəvvür etmək mümkünsüzdür. Bu bir əsrdə iki dəfə müstəqil dövlətini qurmuş Azərbaycan xalqı ötən dövr ərzində ciddi sınaqlarla qarşılaşsa da, mövcud olan çətinliklərin öhdəsindən özünəxas iradə ilə çıxaraq dünya xalqları arasında layiqli yerini tutmuşdur.Şərqdə ilk demokratik respublika olaraq adını tarixə həkk etdirən Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın dövlətçilik tarixində özünəməxsus rolu və miras qoyduğu milli dəyərlər vardır. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə Əlahiddə Azərbaycan Korpusu yaradıldı. 1919-cu ilin sonlarında şəxsi heyəti 25 min olan Azərbaycan Ordusu 1920-ci ildə 40 min nəfərə çatdırılmağı planlaşdırılırdı. Çar imperiyası Azərbaycan Xalq Cümhuriyyətini ilhaq etdikdən sonra hərbi nazirlik ləğv olundu, ordu quruculuğu prosesi tam başa çatmadı.Azərbaycan xalqı yenidən öz müstəqilliyini elan etdikdən sonra ordu quruculuğu tarixində növbəti şərəfli bir mərhələnin başlanğıcını qoydu – 1991-ci il oktyabrın 9-da Milli Ordunun yaradılması haqqında Azərbaycan Respublikasının Ali Soveti qanun qəbul etdi. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılması barədə qərar qəbul olunsa da, müstəqilliyin ilk illərində ordu quruculuğunda ciddi qüsurlara yol verildi, Azərbaycan Ordusunun yaranması sadəcə kağız üzərində qaldı. Ölkədəki ağır vəziyyət və iqtidarda olanların yaratdıqları xaos, özbaşınalıq müstəqilliyimizi təhlükə qarşısında qoydu. Bundan istifadə edən düşmən torpaqlarımızın işğalını davam etdirir, ayrı-ayrı silahlı birləşmələr isə müxtəlif qrupların maraqlarına xidmət edirdilər.1993-cü ilin yayında ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində də mühüm addımlar atıldı, 1994-cü il mayın 12-də atəşkəs haqda müqavilə imzalandı. Bundan sonra Azərbaycanda ordu quruculuğu daha da sürətləndi, həyata keçirilən siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı. Ulu öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan edildi.

Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, qalib Milli Ordumuz düşmənə heç vaxt unutmayacağı dərsi verdi. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanın möhkəm təmələ əsaslanan uğurları fonunda daim bu əminliyi ifadə edirdi ki, ərazi bütövlüyümüzü bərpa edəcəyik. Hər gün, hər ay bizim qələbəmizi yaxınlaşdırır. Hər ay, hər il Azərbaycan daha da güclənir, Ermənistan daha da zəifləyir. Bunu artıq bu məsələ ilə məşğul olan bütün maraqlı qurumlar, ölkələr də görür, bilir. Tarixin gedişatı, inkişafı belədir ki, Azərbaycan ilə rəqabət aparmaq Ermənistan üçün mümkün olmayacaq. Onların əsas ümidi xarici qüvvələrə, erməni lobbisinə, onun havadarlarına və bəzi başqa ölkələrin dairələrinədir. Bizim isə ümidimiz öz gücümüzdür-Azərbaycan xalqıdır, haqq və ədalətdir, beynəlxalq hüquqdur və artan gücümüzdür. Azərbaycan ədaləti bərpa edəcək. Böyük qətiyyətlə və inamla səsləndirilən bu fikirlər Azərbaycanın diplomatik mübarizədə qazandığı uğurlarla yanaşı, iqtisadi imkanlarımızın genişlənməsi fonunda ordumuzun qüdrətinin və gücünün artmasına əsaslanırdı.

Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hücum əmrinə hər zaman hazır olduqlarını bildirən Azərbaycan əsgəri torpaqlarımızın işğaldan azad etmək qüdrətində olduğunu bir daha təsdiqlədi. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında daim bildirir ki, müasir, mütəşəkkil ordu yaradılması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük tarixi xidmətlərindən biridir.Hərbi hazırlığı, Vətənə bağlılığı ilə fərqlənən, beynəlxalq təhlükəsizliyin qorunmasında fəal iştirak edən Silahlı Qüvvələrimizin sülhməramlıları, Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının,Dövlət Təhlükəsizlik Xidməti, Xarici Kəşfiyyat Xidməti,Fövqəladə Hallar Nazirliyi Mülki Müdafiə Qoşunlarının bölmələri, Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının çevik hərəkət qüvvələri, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının, Müdafiə Nazirliyinin xüsusi təyinatlıları, Silahlı Qüvvələrin dəniz piyadaları da Ali Baş Komandanın əmrinə hazır olduqlarını, bir qarış torpağımızın belə düşmənə verilməyəcəyini bildirirdilər. Prezident İlham Əliyev Ermənistanın timsalında faşizmin bütün dünya üçün qorxulu bəla olduğunu göstərir, separatizmi, dini radikalizmi, etnik təmizləmə siyasətini dəstəkləyən qüvvələri haqqa, ədalətə çağırır.Azərbaycan döyüş meydanında istədiyinə nail oldu. Diplomatiyada, siyasi müstəvidə gücünü göstərdi. Azərbaycan, Rusiya, Ermənistan arasında Bəyanatı imzalamaqla tolerant ölkə kimi imicini qorudu, multikultural dəyərlərin bəşəri, qüdrətli gücə malik olduğunu göstərdi. Beynəlxalq hərbi əməkdaşliq sahəsində də hər zaman ölkəmiz öz siyasi gücünü nümayiş etdirir.Məlum olduğu kimi,Azərbaycan Respublikası ilə NATO arasında əməkdaşlığın təməli 1992-ci ilin mart ayında qoyulub və 1997-ci ildən etibarən, Avro-Atlantik Tərəfdaşlıq Şurası kimi tanınan Şimali Atlantik Əməkdaşlıq Şurasının məşvərət forumuna daxil olması ilə başlayıb. 4 may 1994-cü il tarixində Azərbaycan Respublikası NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” (SNT) Proqramına qoşulub. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi NATO ilə əməkdaşlıq çərçivəsində SNT proqramı, Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı, Planlaşdırma və Analiz Prosesi, Əməliyyat İmkanları Konsepsiyası, Tərəfdaşlığın Qərargah Vəzifələri, Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı, Sülh Naminə Elm Proqramı və NATO-nun digər əhəmiyyətli tərəfdaşlıq mexanizmlərindən səmərəli şəkildə istifadə edir. NATO-nun “Sülh və Təhlükəsizlik Naminə Elm Proqramı” elmin inkişafı və yeniliklərin tətbiqi yolu ilə NATO və Tərəfdaşlar arasında əməkdaşlıq və dialoqun genişləndirilməsinə, qarşılıqlı təhlükəsizlik problemlərinin həllinə, bilik mübadiləsinə, eləcə də tədqiqatların aparılması və innovasiyaların tətbiqi üçün mühüm bir vasitədir. 

Əliyev Əyyub,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button