Milli ordumuzun inkişaf tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır
Məlum olduğu kimi, milli silahlı qüvvələrin formalaşması prosesi ötən əsrin əvvəllərindən başlayıb – 1918-ci ildən. Öz müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə həmin il iyunun 26-da ilk nizami hərbi hissə – Əlahiddə Azərbaycan Korpusu yaradıldı. Müsəlman Korpusunun adının dəyişdirilməsi və Əlahiddə Azərbaycan Korpusu kimi adlandırılması milli silahlı qüvvələrin yaradılması istiqamətində mühüm addım oldu.
Lakin Xalq Cümhuriyyətinin süqutu ilə ölkəmizdə ordu quruculuğu prosesi də dayandı. Yalnız ulu öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində hərbi kadrların hazırlanması prosesi yenidən başlandı. Bu, milli ordu quruculuğunda dönüş səhifəsi idi və dinamik bir proses kimi irəlilədi.Belə ki, Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi lisey yaradıldı. Bu məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxardı. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra C.Naxçıvanski adına Hərbi Məktəb ordu quruculuğunun əsas bazalarından birinə çevrildi. Azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində oxuması, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul edilməsi mümkün oldu.
1993-cü ildə ümummilli lider Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra da ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı. 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycan Milli Ordusunun formalaşması daha da sürətləndi. Həyata keçirilən uğurlu siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına və döyüş ruhunun yüksəldilməsinə xüsusi diqqət ayrıldı.
Ulu öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli fərmanına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.
Prezident İlham Əliyev tərəfindən Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsinə, müasir infrastrukturun yaradılmasına, hərbi qulluqçuların sosial müdafiəsinə, mənzil təminatının yaxşılaşdırılmasına, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsinə hər zaman xüsusi diqqət yetirilir.
Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla Ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir. Silah və hərbi texnikaların satın alınması və hərbi məhsulların istehsalına dair bir sıra ölkələrlə müqavilələr imzalanaraq hərbi əməkdaşlıq əlaqələri genişləndirilib.
Silahlı qüvvələrin modernləşdirilməsi Prezident İlham Əliyevin dövlət siyasətinin strateji isiqamətlərindəndir. Ölkəmizin son illərdə dinamik inkişafı silahlı qüvvələrin büdcəsinin artması və nəticə etibarilə ordumuzun güclənməsi ilə müşayiət olunması Prezidentin Ordu quruculuğu ilə əlaqədar öz vədinə sadiq olduğunu təsdiq edir.
Bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarətdir.Sözügedən qoşun növləri potensial rəqiblə qırıcı və bombardmançı təyyarələrlə effektiv mübarizə aparmaq iqtidarındadır. MDB çərçivəsində Azərbaycan hava hücumundan müdafiə qüvvələrinə malik ən güclü ölkələrdən sayılır. Buna müvafiq olaraq büdcə vəsaiti ildən-ilə artırılan Azərbaycan Silahlı Qüvvələrinin imkanları da genişlənir.
Azərbaycan Ordusunun dünyanın ən güclü 50 ordusu sırasında olması həm də belə gərəkli və vaxtında aparılan islahatlarla bağlıdır.
Bu gün Azərbaycan Ordusunun gücünün beynəlxalq ictimaiyyət tərəfindən etiraf edilməsi qürurvericidir. II Qarabağ müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir.
Azərbaycan Silahlı Qüvvələri bu gün necə güclüdürsə, daim öz gücünü qoruyub saxlayacaq!
Bəhruz Rüstəmov,
YAP-ın fəalı