Ulu Öndərin ömür yolu Vətənə və xalqa xidmət nümunəsidir
“Ulu Öndərimiz Heydər Əliyev ölkənin və xalqın ən ağır vaxtında hakimiyyətə gəlişi ilə tarixi bir missiyanı, Azərbaycanı, dövlətçiliyi, müstəqilliyi, milli ideologiyanı daxili və xarici düşmənlərin caynağından özünün dərin zəkası, qətiyyəti, uzaqgörənliyi ilə qurtardı, konkret olaraq, kimsə Azərbaycanın dövlətçiliyinə xəyanət edəcəksə, son damla qanına qədər onunla mübarizə aparacağını qətiyyətlə bəyan etdi. O, xalqı qardaş qırğınından, vətəndaş müharibəsindən, ölkəni separatçılıqdan və real parçalanma təhlükəsindən, xalq təsərrüfatını dağılmaqdan xilas etdi, müharibədə atəşkəsə nail oldu. Azərbaycanın müstəqilliyini möhkəmləndirməklə, onun güclü dövlətçilik xəttini, siyasi-iqtisadi əsaslarını yaratdı, azərbaycançılığın ümummilli ideya halına gəlməsi, bütün dünya azərbaycanlılarını birləşdirən məfkurəyə, müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevrilməsi ulu öndər Heydər Əliyevin tarixi xidmətidir”.
Bunu “Globalnews.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
Rəşadət Xalıqov bildirib ki, 1993-cü il iyunun 15-də ulu öndərimiz Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. İyunun 24-də prezidentin səlahiyyətlərini həyata keçirməyə başlayan Ulu öndərimiz oktyabrın 3-də ümumxalq səsverməsi yolu ilə Azərbaycan Respublikasının Prezidenti seçilib. Müstəqilliyin və suverenliyin göz bəbəyi kimi qorunmasını öz siyasətinin ana xətti olduğunu bəyan edən və onu praktik fəaliyyətində reallaşdıran Heydər Əliyev Azərbaycanın müstəqilliyinin qüdrətli təminatı missiyasını uğurla həyata keçirdi, Milli Ordunun formalaşması, nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiəsi ilə bağlı ciddi addımlar atdı. Ölkəmizdə müstəqil dövlət təsisatları yaradıldı, demokratik prinsiplər bərqərar oldu, Azərbaycan dövlətinin xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etməyə başladı.
“Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində ölkəmizin sosial-iqtisadi inkişafı və dünya təsərrüfat sisteminə inteqrasiyası sahəsində çox böyük və məqsədyönlü addımlar atıldı, ölkənin sosial-iqtisadi inkişaf xəttini müəyyən edən bir çox irimiqyaslı konsepsiya, strategiya və proqramlar qəbul edildi, bu irimiqyaslı sənədlər ölkə iqtisadiyyatının davamlı və dinamik inkişafını təmin etmək üçün zəmin yaratdı”. – deyən Rəşadət Xalıqov əlavə edib ki, Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi illər Azərbaycanın ən yeni tarixinə sosial-iqtisadi yüksəliş dövrü kimi yazıldı. Bu dövr ərzində Heydər Əliyev ölkəmizi təhlükə və çətinliklərdən qurtararaq sabit inkişaf yoluna çıxardı.
Onun sözlərinə görə, bu gün Heydər Əliyev siyasəti yaşayır, onun ideyaları yaşayır, onun qurduğu müstəqil dövlət yaşayır və güclənir. Xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək.