Azərbaycan və Pakistan münasibətləri iki qardaş ölkə arasında olan münasibətlərdir
“Pakistan Cənub-Şərqi Asiyanın nəhəng dövlətlərindən biridir. Pakistanla Azərbaycan arasında münasibətlər birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub. Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri kimi Pakistan hər zaman Azərbaycana dəstək verib və 44 günlük Vətən müharibəsi zamanı da bunu nümayiş etdirib. Hətta, Pakistan həmrəylik nümayiş etdirməklə işğal faktoruna görə Ermənistanla diplomatik əlaqələr qurmayıb, onu bir dövlət kimi tanımayıb. Ona görə də, Azərbaycan və Pakistan münasibətləri iki qardaş ölkə arasında olan münasibətlərdir”.
Bunu “Globalnews.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, Azərbaycan da Pakistanı Kəşmir məsələsində hər zaman dəstəkləyib: “Bu mənada, hər iki dövlət bir çox beynəlxalq platformalarda eyni maraqlardan çıxış edərək öz fəaliyyətlərini koordinasiya edir, bir-birini müəyyən məsələlərdə qeyd-şərtsiz dəstəkləyirlər. İki dost dövlət müdafiə, enerji, infrastruktur layihələrinin icrası, informasiya texnologiyaları, səhiyyə və əczaçılıq, tekstil və digər sahələrdə əməkdaşlıq edirlər. Eyni zamanda, Heydər Əliyev Fondunun bu ölkədə həyata keçirdiyi bir sıra humanitar və xeyriyyə xarakterli layihələr də ölkələrimiz arasında əlaqələrin inkişafına mühüm töhfə kimi dəyərləndirilir”.
“Bu gün Bakının müxtəlif yerlərində İkinci Qarabağ müharibəsi dövründə asılmış Pakistan bayraqlarının hələ də dalğalanması xalqlarımızın bir-birinə olan münasibətinin göstəricisidir” – deyən Ramil Vəlibəyov əlavə edib ki, Pakistan və Azərbaycan hər zaman çiyin-çiyinə dayanan ölkələr olub.