Azərbaycan və Türkiyə dost yox, qardaş ölkələrdir
Ötən əsrin sonlarından başlayaraq bütün dünyanı təhdid edən münaqişələrin baş verməsi, onların dondurulmasına edilən cəhdlər və həllinə törədilən əngəllər müasir dövrdə daha böyük təhlükələrin meydana çıxmasına zəmin yaratdı. Bütün dövrlərdə böyük dövlətlərin maraqlarının toqquşduğu Anadolu və Qafqazda isə hazırda tamamilə fərqli bir mənzərənin şahidi olmaqdayıq. Azərbaycanla Türkiyə arasında uğurla inkişaf edərək strateji müttəfiqlik səviyyəsinə yüksəlmiş əlaqələr regionun sülh, sabitlik və əməkdaşlıq məkanına çevrilməsində mühüm rol oynayır. Fəxrlə deyə bilərik ki, hazırda bölgəmiz bütün dünyada ikitərəfli və çoxşaxəli münasibətlərə örnək bir regionuna çevrilib.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu rəşadətli Zəfər qazanaraq 30 illik işğala son qoymaqla beynəlxalq ədaləti bərpa etməsi böyük bir coğrafiyada əməkdaşlıq, qarşılıqlı faydalı münasibətlər kontekstindən yeni mənzərə yaradıb. Bu siyasi təntənənin təməlində Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri, qarşılıqlı faydalı əməkdaşlıq, Liderlərimizin birgə qərarları və davamlı olaraq həyata keçirilən beynəlxalq əhəmiyyətli layihələr dayanır. Yaranmış yeni münasibətlər sferası özündə iki mühüm amili ehtiva edir: əvvəla “3+3” formatında əməkdaşlıq təşəbbüsü region dövlətlərinin hamısı üçün bərabərhüquqlu inkişaf imkanları yaradıb və dünyanın aparıcı beynəlxalq təşkilatları tərəfindən dəstəklənir. İkincisi, mövcud vəziyyət türk dünyasının, onun inteqrasiya və birliyinin tərəfdarı olan dövlətlərin münasibətlərində kompleks inkişaf üçün cəlbedicilik formalaşdırıb. Hər iki vəziyyət qarşısıalınmaz proseslər kimi dinamik inkişafdadır.
Prezident Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfəri, sonra Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirakı bir daha nümayiş etdirdi ki, Azərbaycan-Türkiyə qardaşlığı və müttəfiqliyi əbədi və dönməzdir. Bu qardaşlıq və müttəfiqlik Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın polad kimi möhkəm liderlik iradəsindən qaynaqlanan davamlı birlik və inkişaf strategiyasının təntənəsidir.
2021-ci il iyunun 15-də Şuşa şəhərində imzalanan Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamə iki qardaş ölkənin birlik və həmrəyliyinin tərənnümü olmaqla bərabər, özündə üç mühüm tarixi ehtiva edir: Birincisi, bu Bəyannamə tarixi Qars müqaviləsini yeni çalarlarla təsdiqlədi; İkincisi, bu sənəd ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasını özündə yaşadan Milli Qurtuluş Günündə imzalandı; Üçüncüsü isə iki qardaş lider tarixi sənədə Qafqazın incisi, türk dünyasının qeyrət qalası sayılan Şuşada imza atdılar.
Hazırda davamlı inkişafda olan Azərbaycan-Türkiyə münasibətləri bütün beynəlxalq təşkilatlarda olduğu kimi, Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, TÜRKPA, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu kimi beynəlxalq və regional təşkilatlar, həmçinin Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası, Azərbaycan-Türkiyə Hökumətlərarası Müştərək İqtisadi Komissiya, Kənd Təsərrüfatı İcra Komitəsi, Quru Nəqliyyatı Birgə Komissiya, Gömrük Məsələləri üzrə Birgə Komitə, Azərbaycan-Türkiyə Qarışıq Komissiyası kimi mexanizmlər çərçivəsində genişlənməkdə və möhkəmlənməkdədir.
İqtisadi sahədəki sıçrayışlı inkişafın daha bir real təzahürü kimi Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə iştirakı ilə mayın 14-də açılışı keçirilən Rize-Artvin Hava Limanının istifadəyə verilməsidir. Azərbaycan dövlət başçısının çıxışından bir məqama diqqət edək: “Bu hava limanının açılışı Türkiyədə gedən çox xoş və uğurlu inkişafın təzahürüdür. Qardaş Türkiyə gündən-günə güclənir, sürətlə inkişaf edir. Bütün bunun təməlində aparılan siyasət, əziz qardaşımın böyük əməyi, zəhməti vardır. Türkiyə bu gün nəinki dünya miqyasında böyük güc mərkəzinə çevrilib, söz sahibi olub, eyni zamanda, ölkə içində də böyük layihələr icra etməyə qadirdir. Bunların arasında xüsusilə insanlara xidmət göstərən layihələri qeyd etmək istərdim. Hava limanları, su anbarları, yollar, körpülər, məktəblər, xəstəxanalar – bütün bunlar Türkiyənin inkişafını, gücünü göstərən amillərdir və bütün bu işlərin mərkəzində insan amili dayanır, dövlət siyasəti dayanır”.
Azərbaycan-Türkiyə münasibətləri kifayət qədər çoxşaxəli və genişmiqyaslıdır. Yuxarıda göstərilənlər onu deməyə əsas verir ki, Azərbaycan-Türkiyə qardaşlığa, dostluğa və strateji müttəfiqliyə əsaslanır. Əminliklə söyləmək olar ki, son zamanlar iki ölkənin müxtəlif sahələrdə birgə həyata keçirdikləri layihələr Azərbaycan ilə Türkiyə arasında münasibətləri daha yüksək səviyyəyə yüksəldəcək.
İslam Bafadarov,
YAP-ın gənc fəalı.