Analitika

Milli-mədəni irsimizin dəyərli simaları Heydər Əliyevin düşüncələrində

Azərbaycan xalqı dünya ədəbiyyatına, incəsənətinə, musiqisinə böyük töhfələr bəxş etmişdir. Zəngin mədəni sərvətlərimiz hər zaman diqqət mərkəzində olub. Ulu öndər Heydər Əliyev də hər zaman bu məsələyə xüsusi diqqət yetirib. Çıxışlarından birində belə demişdir: “XX əsrdə Azərbaycan dünya mədəniyyətinə, dünya elminə böyük töhfələr vermişdir. Bizim böyük alimlər, yazıçılar, şairlər, memarlar, rəssamlar, bəstəkarlar, musiqiçilər həm Azərbaycan xalqının elmini, mədəniyyətini, təhsilini zənginləşdirmiş, həm də bütün dünya mədəniyyətinə, elminə böyük töhfələr vermişlər.” Xalqımızın ədəbi yaddaşı bizə böyük bir bədii irs miras qoymuşdu. Bu irsin ən dəyərli töhfələri Nizami, Nəsimi, Füzuli, Cəlil Məmmədquluzadə, Mirzə Cəlil, Hüseyn Cavid, Səməd Vurğun kimi şəxsiyyətlər tərəfindən yaradılmış ədəbi incilərdir. Ulu Öndər daim mədəni irsimizə sahib çıxmağın milli kimliyimizi qorumağın tək yolu olduğunu ifadə etmişdir. “Məhz Azərbaycan xalqına mənsub olan Nəsimi kimi nadir bir şəxsiyyəti dünya ictimaiyyətinə, elminə, dünya mədəniyyətinə tanıtmaq, şübhəsiz ki, xalqımızın hörmətini qaldırmaq deməkdir.”

XX əsr xalqımızın milli şüurunun formalaşmasında böyük rolu olan Cəlil Məmmədquluzadə yaradıcılığını qiymətləndirmişdi. Cəlil Məmmədquluzadə dövrün nöqsanlarını tənqid edərək mətbuatımızın ilk satirik jurnalı “Molla Nəsirəddin”i çap etdirmişdi. 1994-cü il Böyük Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin anadan olmasının 125 illiyinə həsr edilmiş yubiley gecəsində çıxış edən Heydər Əliyev belə söyləmişdi. “Cəlil Məmmədquluzadə Azərbaycan tarixində görkəmli yer tutmuş dahi bir insan, yazıçı, publisist, filosof mütəfəkkir, xalqımızın mədəniyyətini çox zənginləşdirmiş bir şəxsiyyətdir. Xalqımızın milli şüurunun formalaşmasında məhz «Molla Nəsrəddin» jurnalının və Mirzə Cəlil fəaliyyətinin rolu misilsizdir.”

Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin irsinin qorunması, nəşinin Sibirdən gətirilərək Naxçıvanda dəfn edilməsi milli dəyərlərimiz üçün gərgin fəaliyyətinin nəticəsidir. “Hüseyn Cavid bizim üçün doğrudan da əzizdir. O, tariximizdə böyük bir şəxsiyyətdir və böyük bir irs qoyub. Xalqımız, tariximiz nə qədər yaşayacaqsa, Hüseyn Cavidin irsi də o qədər yaşayacaq və xalqımız ondan istifadə edəcək.”

Elmi fəaliyyəti ilə tibb elminə böyük töhfələr verən Mustafa bəy Topçubaşovun yaradıcılığı da diqqət kənarda qalmamışdır. Görkəmli alim və cərrah Mustafa bəy Topçubaşovun anadan olmasının 100 illiyi yubileyinə həsr olunmuş təntənəli gecədə çıxış edən Heydər Əliyev fikirlərini belə ifadə etmişdi. “Mustafa bəy Topçubaşov nadir bir sima və nadir bir insan olmuşdur. Adamlar üçün vacib olan bir sahə və onların sağlamlığının qorunması, insanların xəstəliklərdən xilas olması, sağlam insan yetişdirilməsi cəmiyyət üçün həm keçmişdə, həm indi, həm də gələcəkdə mühüm olan bir sahədir. Mustafa bəy Topçubaşovun öz fəaliyyətini bu sahəyə həsr etməsi heç də təsadüfi deyildir. Bu onun daxili mənəviyyatı ilə bağlıdır. Bütün həyatı, yaradıcılığı, fəaliyyəti göstərir ki, o, şüurlu olaraq bu sənətdən başlayıbdır. Ancaq yaşadıqca, yaratdıqca onun fəaliyyət dairəsi genişlənib, böyük alim, ictimai-siyasi xadim olubdur. Azərbaycan xalqının formalaşmasında, milli təfəkkürün inkişafında, xalqımızın ağır xəstəliklərdən qurtulmasında, elmimizin, təhsilimizin inkişaflarında böyük xidmətlər göstəribdir.

Azərbaycan musiqi tarixinin dəyərli simalarından olan Müslüm Maqamayev, Bülbül, Üzeyir Hacıbəyovun yaradıcılığını yüksək qiymətləndirmiş, onların fəaliyyəti haqqında qiymətli fikirlər söyləmişdir. “Üzeyir Hacıbəyov çox gözəl, əzəmətli Dövlət Himni yaratmışdır. Mən hər dəfə ayrı-ayrı ölkələrdə Üzeyir Hacıbəyovun musiqisi ilə yaradılmış himnin səsləndiyini duyarkən qürur hissi keçirirəm. Təkcə ona görə yox ki, müstəqil Azərbaycanın Dövlət Himni dünyanın bir çox ölkələrində səslənir və Azərbaycanın Dövlət Bayrağı qalxır. Bir də ona görə ki, həqiqətən Himnin musiqisi çox cazibədardır, gözəldir.” “Bülbül sənəti Azərbaycanın musiqi mədəniyyətinin inkişafında mühüm rol oynamışdır. O, Azərbaycanın professional vokal sənətinin banisidir. Onun çoxşaxəli zəngin yaradıcılığı milli muğam ifaçılığının ən yaxşı ənənələrini və dünya vokal məktəbinin nailiyyətlərini ahəngdar şəkildə özündə birləşdirir.” “Müslüm Maqomayev nadir və bənzərsiz müğənnidir, Allah vergisidir, ancaq eyni zamanda özünün gərgin, yorulmaq bilməyən zəhməti ilə cilalanmış istedaddır. Onu fərqləndirən bir cəhət də istedadının çoxşaxəli olmasıdır. Onun gözəl səsi, əla ifa texnikası var. O, gözəl oxuyur, musiqi alətlərində gözəl çalır, çoxlu gözəl mahnılar bəstələyib. Gözəl şəkil çəkməsinə, heykəltəraşlıq istedadına gəldikdə, bu da məlumdur. Görün, bir insanda nə qədər çoxşaxəli, böyük istedad cəmləşibdir. Sevinirik ki, bizim Azərbaycanın belə övladı, Azərbaycan musiqisinin, Azərbaycan incəsənətinin belə layiqli nümayəndəsi var və indiyədək olduğu və getdiyi bütün dünya ölkələrində özünü və bizim mədəniyyətimizi, musiqimizi və xalqımızı şöhrətləndirir.” Ulu öndər Heydər Əliyevin fikirlərinə nəzər saldıqda görürük ki, milli, mədəni irsimizin hər sahəsinin dəyərli şəxsiyyətləri layiqli şəkildə qiymətləndirilib.

Mənzər Ağabəyova,
Xəzər rayonu, 156 nömrəli tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button