AZ RU Giriş
  • VALYUTA

  • 2018.11.17

Molla Vəli Vidadi


Baxış sayı: 191
17:30 05/09/17 | Siyasət Mədəniyyət0


Molla Vəli Vidadi (1709-cu il, Şəmkir, ‒ 1809-cu il, İkinci Şıxlı) — XVIII əsr azərbaycan şairi.

Molla Vəli Vidadi 1709-cu ildə Şəmkirdə anadan olmuşdur. Şairin uşaqlığı və ilk gəncliyi də orda keçmişdir. Atası Məhəmməd ağa zəmanəsinin qabaqcıl və savadlı adamlarından biri idi. Məhəmməd ağa Səfəvilər dövründə İranda yaşayan Hәmzә sultanın nәslindәndir. Belə bir ailədə böyüyən Vidadi də uşaqlıqdan mükəmməl təlim-tərbiyə almışdır. Atasının ölümündən sonra Şəmkiri tərk edib, Qazağa köçmüşdür. O,  ilk təhsilini Şəmkirdə almış, oxumağı davam etdirmək üçün Poyluya gəlmişdir. O, ərəb, fars dillərini mükəmməl öyrənmişdir. Şair Poyludan vətəninə qayıtmayıb Şıxlı kəndinə gəlmiş, burada Əhmədağanın yanında mirzəlik, katiblik və məktəbdarlıqla məşğul olmuşdur. Məhz buna görə də o, Mola Vəli adı ilə tanınmışdır. Qıraq Salahlıda yaşayan Molla Cəbrayıl adlı bir nəfərin qızı ilə evlənərək, Şıxlı kəndində məskən salmışdır.

Şairin əsərlərindən aydın olur ki, o, bütün həyatını Şıxlıda keçirməmişdir. Müəyyən müddət Qarabağ xanlığında yaşamış, Tiflisdə İraklinin sarayında xidmət etmiş, lakin bizə məlum olmayan səbəbə görə həbs edilmiş və həbsdən qurtardıqdan sonra Şıxlıya qayıdıb ömrünün sonuna qədər orada yaşamışdır.

M.V.Vidadinin irsinin az qismi məlumdur. Feodal zülmündən, xanlıqlar dövrünün hərc-mərcliyindən doğan kədər və ümidsizlik, mənəvi tənhalıqdan şikayət Molla Vəli Vidadinin yaradıcılığının əsas motivləridir.

Humanist sənətkar olan Vidadinin yaradıclığında vətənə, zəhmətkeşlərə məhəbbət güclüdür Şairin "Dəli könül, gəl əylənmə qürbətdə", "Ey həmdəmim, səni qana qəra eylər", "Xəstə düşdüm, gələn yoxdur üstümə" kimi şeirlərində vətən həsrəti, qəriblik iztirabı səmimi və təsirlidir.

Vidadinin aşiqanə şeirləri də var. Vidadi lirikası yüksək bədii sənətkarlıq nümunəsidir. Vidadi realist təsvirə meyl edən şairlərdən olmuşdur. Bir sıra əsərləri rus dilinə və digər dillərə tərcümə olunmuşdur.

Molla Vәli Vidadi Molla Pənah Vaqifin müasiri, dostu, bəzi mənbələrə görә isə qohumu imiş.

Molla Vәlinin yaxşı elm vә savadı vә rәvan tәbi var imiş vә özü dә zöhdü tәqva әhli olub, vaxtının çoxunu ibadәtdә keçirәrmiş. Haqq söylәyәn vә haqqı dost tutan bir vücud imiş ki, hәr kәsin eybini açıq söylәmәkdәn bak vә ictinab etmәz imiş. Ona binaәn şairdәn dilgir vә rәncidә olanların әdәdi az deyil imiş. Amma bununla belә hamı onu sayarmış, xatirini әziz vә möhtәrәm tutarmış. Müasiri vәkil Әhmәdağa ilә aralarında dostluq vә zarafat var imiş vә çox vaxtı şair ona kinayә vә istehza tәriqincә acı sözlәr deyәr imiş, amma Әhmәdağa onun sözlәrindәn incimәz imiş. Belә ki, bir vaxtı bunlar yaylaqda olan zamanı evlәrindәn çıxıb gözәl vә çiçәkli dağlarda seyr edirlәr. Bu әsnada duman gәlib onları әhatә edir. Molla Vәli xovfa düşür ki, onlar azacaqlar. Amma Әhmәdağa ona ürәk-dirək verib deyir: "Qorxma, mәn sәni salamat yurdumuza apararam" vә doğrudan da Vidadini salamat gәtirib şenliyin içinә çıxarır.

Bu barәdә qeyrilәrin yanında Әhmәdağa özünü öyüb, zehn vә fәrasәtini zikr etdikdә Molla Vәli tәngә gәlib deyir: -Ağa, bu qәdәr özünü öymә, bu bir böyük hünәr deyil, qara mal da (sığır) heç azmaz.

Molla Vəli Qayıbovlar nəslindən olan Molla Cəbrayılın qızı Tükazban xanımla evlənmişdir. Sonralar Molla Vəli Vidadinin qızı Cəvahiri Mirzə Məhəmməd Qayıbova ərə vermişdir. Məşhur sərkərdəmiz Əliağa Şıxlinski (1865-1943) "Xatirələrim" əsərində yazır ki, anam Şahyəmən xanım Qayıbova Azərbaycanın məşhur şairi Molla Vəli Vidadinin qız nəvəsidir, yəni Mirzə Məhəmmədin qızıdır. Oğlu Qafqazın müftüsü Müfti Osman Əfəndi Vəlizadədir

  • Yəhya bəy Qazaği – Molla Vəli Vidadinin oğul nəvəsi
  • Şah Yəmən xanım Qayıbova – Molla Vəli Vidadinin qız nəvəsi
  • Abbas ağa Nazir – Molla Vəli Vidadinin oğul nəvəsi
  • Mirzə Hüseyn Qayıbzadə – Molla Vəli Vidadinin oğul nəvəsi

Molla Vəli Vidadi 13 may 1809-cu ildə Qazaxda, Şıxlı kəndində vəfat etmiş və Gəmiqaya adlı yerdə dəfn olunmuşdur.

 

 

 


sizin reklam yeriniz

Qeydiyyat



Giriş



Təklif və iradlar

Buradan təklif və iradlarınızı
bizə göndərə bilərsiniz.