AZ RU Giriş
  • VALYUTA

  • 2019.03.20

Şəxsiyyətlər-Niyazi


Baxış sayı: 134
13:00 25/03/18 | Siyasət Mədəniyyət0


Niyazi Tağızadə – Hacıbəyov (d.1912-ci ildə avqustun 20-də Tbilisi. ö.1984-cü ildə avqustun 2-də Bakı) – məşhur azərbaycanlı dirijor və bəstəkar. SSRİ Xalq Artisti, SSRİ Dövlət Mükafatı laureatı. 2-dəfə Stalin mükafatı və 2-dəfə Lenin ordeni laureatı. Beynəlxalq Nehru mükafatı laureatı. Sosialist Əməyi Qəhrəmanı (1982).

Niyazi Tağızadә 1912-ci il avqustun 20-də Tiflisdə ziyalı ailəsində doğulub. Anası Böyükxanım ixtisasca həkim olub. Atası Zülfüqar Hacıbəyov Azərbaycanda musiqili teatrın banilərindən və dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun qardaşı idi. Uşaqlıq illərindən Ü.Hacıbəyov, M.Maqomayev , Ə.Haqverdiyev, C.Məmmədquluzadə, N.Vəzirov, H.Cavid kimi dövrünün tanınmış sənət adamları, yazıçıları arasında böyüyüb.

Tağızadə soyadı onun anasının soyadı deyil. Anasının yeganə dayısı Heydərəli Tağızadə inqilabçı idi. Onun faciəli qətlindən sonra o, bu soyadı daşımağı özünə borc bilib. Niyazi də soyadı yaşatmaq üçün Tağızadə-Hacıbəyov soyadını öz seçimi ilə götürmüşdür.

Uşaq ikən hərbçi olmağa hazırlaşırdı, Oxford məktəbində dərs alırdı. Yaxşı futbol hakimliyi, təyyarə idmanına marağı vardı. Niyazi “Dinamo” cəmiyyətinin ağır atletika üzrə birinciliklərində dəfələrlə iştirak edib. 16-18 yaşlarında 56 kq çəki dərəcəsində bir neçə dəfə Bakı və Azərbaycan çempionu, medalçısı olmuş Maestro, həm də bir neçə ölkə rekordunu vurmuşdu. Sonradan Konservatoriyaya daxil olan və diqqətini əsasən musiqiyə yönəldən Maestro, buna baxmayaraq idmandan soyumayıb. Bu illərdə idman sevgisinin musiqidən heç də az olmadığını sübut edən görkəmli ictimai xadimimiz, onu tanıyanlar arasında böyük rəğbət hissi oyadıb. Niyazi II dünya müharibəsindən sonra - 1946-1960-cı illərdə Azərbaycanın Ağır Atletika Federasiyasına da rəhbərlik edib. O vaxtlar bu qurum başqa cür adlanırdı – Azərbaycan SSRİ Idman Nazirliyinin nəzdində Ağır Atletika şöbəsinin sədri. Uzun müddət bu postu tutan Maestro bir çox idmançıların yetişməsi, onların ittifaq və beynəlxalq səviyyəli yarışlara qatılmasına kömək etmişdir. Bütün bunlar onun bu idman növünə olan böyük sevgisindən xəbər verir. Amma bir çox ağrılar, şəxsi problemlər Maestroya bu işini davam etdirmək imkanı verməyib.

Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi xadimi, görkəmli mütəxəssis, ağır atletika üzrə dəfələrlə Azərbaycan və İttifaq çempionu, veteran idmançı və müəllim Mirzə Hüseynov Maestro Niyazini belə xatırlayır:

“O, biz uşaq olanda – təxminən 40-cı illərin sonu, 50-ci illərin əvvəllərində Azərbaycan ağır atletikasına rəhbərlik etmişdi. Çox güclü, enerjili, eyni zamanda idmansevər bir insan idi. Az qala hər gün bizim məşqlərimizi izləyər, uğurlar qazanmağa ruhlandırardı. Səmimi adam idi. Mən uşaq olmağıma baxmayaraq bunu yaxşı xatırlayıram. O, özü uşaqlıqda ağır atletika il məşğul olmuş, şəhər və ölkə birincisi olmuşdu. Həm fiziki, həm də mənəvi cəhətdən güclü insan idi”. 

Görkəmli drijor 1958-ci ildən ömrünün sonuna qədər Bakıda Bülbül prospekti 21 ünvandakı mənzildə yaşayıb. Muzeyin qapısından dəhlizə daxil olan hər kəsi Niyazinin şəkilləri qarşılayır. Maestronun əzəmətli heykəli də bu mənzildədir. Divarda Niyazinin yaradıcılığını, musiqi xadimləri ilə görüşlərini əks etdirən fotoşəkillər, konsertlərinin nadir afişaları yer alıb.

Muzeyin açılışında Ümummilli lider Heydər Əliyevin xüsusi təşəbbüsü olmuşdur. 1994-cü il sentyabrın 18-də mənzil-muzey fəaliyyətə başlamışdır. Niyazinin musiqi festivallarında çıxışları, musiqi məktəblərində, hərbçilərlə və s. görüşləri fotoşəkillərdə əks olunubdur. Azərbaycan Dövlət Opera və Balet Teatrı tərəfindən muzeyə daxil olan “Xosrov və Şirin” operasının partiturası da muzey materiallarına daxildir. 5 otaqdan ibarət mənzil muzeyin qonaq otağının divarlarını Niyazi və Həcər xanımın portretləri ilə yanaşı Ejen Dlakruanın rəsm əsəri, İ.Kajvazovskinin “Dənizdə səhər” və naməlum rəssamın ”Güllər” əsəri bəzəyir. Kitab şkafında maestronun nadir kitabları qorunur.

Maestroya məxsus 279 material AMEA-nın Tarix Muzeyində saxlanılır. Salman Mümtaz adına Ədəbiyyat və İncəsənət Arxivində, Əlyazmalar İnstitutunda, Səsyazmaları Arxivində də maestronun həyat və fəaliyyətinə aid sənədlər qorunur.

2 Fevral 2017-ci ildə Bakı şəhəri Niyazi küçəsində dahi sənətkarın abidəsinin açılışı olmuşdur.


sizin reklam yeriniz

Qeydiyyat



Giriş



Təklif və iradlar

Buradan təklif və iradlarınızı
bizə göndərə bilərsiniz.