Analitika

XX əsr bütövlükdə böyük bir tarixi dövr olaraq bəşəriyyət üçün utanc erməni cinayətləri ilə zəngindir

XX əsr bütövlükdə böyük bir tarixi dövr olaraq bəşəriyyət üçün utanc erməni cinayətləri ilə zəngindir və bu dəhşətli hadisələr müxtəlif nəsillərin yaddaşında heç vaxt silinməyən izlər qoyub. İstər bu epoxanın əvvəllərində Azərbaycanın ayrı-ayrı bölgələrində baş verən genosid faktları, soydaşlarımızın məruz qaldığı deportasiya, istərsə də əsrin sonlarında təkrarlanan kütləvi qovulma, Xocalı soyqırımı timsalında qorxunc qəddarlıq nümunələri Ermənistanı bütün dünyaya bir terrorçu dövlət kimi tanıdır və onu hər zaman bu yöndən mühakimə etməyə haqlı əsaslar verir.Ermənilərin azərbaycanlılara qarşı 1918-ci ildəki soyqırımları “Böyük Ermənistan” xülyasını reallaşdırma planının tərkib hissəsi kimi başladı. Bu mifik ideya üçün Azərbaycan coğrafiyasında günahsız insanlar etnik təmizləməyə, soyqırımı cinayətlərinə, görünməmiş barbarlığa məruz qaldı. Azərbaycan üçün hazırlanan məkirli planların müəllifləri, təbii ki, bəlli idi-bolşeviklər, Bakı Soveti, “Daşnakstyun” partiyası…1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən kütləvi qırğınlar həyata keçirildi. Bakı şəhərində, həmçinin Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda dinc sakinlər amansızlıqla öldürüldü. Sözlə ifadə olunmayan məşəqqətin, işgəncənin, tükürpədən qətllərin ünvanı təkcə Bakı və ətrafı deyildi. Azğınlaşan erməni millətçilərinin qeyri-insani əməlləri sonrakı vaxtlarda Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə də kütləvi ölümlər, talanlar, etnik təmizləmə faktlarını ortaya qoydu. Bakı Sovetinin 6 min silahlı əsgəri və 4 minlik daşnak erməni silahlı dəstələrinin qəddarlığının statistikası olduqca ağır və kədərli idi: qətlə yetirilən 30 mindən çox azərbaycanlı! Öz torpaqlarından qovulan 10 minlərlə insan! Uşaqlar, qadınlar, qocalar! Azərbaycanlılarla yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanlar qılıncdan, süngüdən keçirildi, diri-diri yandırıldı. Milli memarlıq inciləri, məktəblər, xəstəxanalar, məscid və mədəni abidələr dağıdıldı. Erməni terroru, vandalizmi hər yerdə öz üzünü göstərdi. Beləliklə, 1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biri oldu. Bu hadisələrin başqa bir dəhşətli səhifəsi Quba soyqırımıdır. Quba qırğınları zamanı şəhərdə  öldürülənlərin təxmini sayının 2900-dək, Quba qəzası üzrə isə ümumilikdə isə 4000 nəfərdən artıq olduğu barədə bilgilər var. Bu soyqırımı nəticəsində Quba qəzasının 122 kəndi tamamilə dağıdılıb, 2750-dən çox ev yandırılıb. İnsanların hamısı odlu silahla deyil, küt alətlərlə öldürülüb. Budur erməni vəhşiliyinin isbatı! Azərbaycan xalqı yaşadığı zülmü, məruz qaldığı bu qəddarlığı heç vaxt unutmadı. Bu qorxunc hadisələrin başlanğıc tarixi olan 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü kimi rəsmiləşdi. 1998-ci il martın 26-da ulu öndər Heydər Əliyev tərəfindən imzalanan fərmanla. Fərmanda  deyilirdi: “Azərbaycanın  XIX-XX  əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı  düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrin yalnız birinə – 1918-ci il mart  soyqırımına siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan Xalq  Cümhuriyyətinin  varisi kimi  Azərbaycan  Respublikası bu gün  onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir”. Bəli, bu fərman faciənin araşdırılması və həqiqətlərin dünyaya yayılması istiqamətində səylərin artırılmasına təkan verdi. Sözügedən fərmandan sonra həmin tarixin öyrənilməsi yönündə mühüm işlər görüldü, çoxlu əsərlər yazıldı və əcnəbi dillərə tərcümə olundu. Ötən illər ərzində aparılan araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplandı. Üzə çıxan tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş, faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübuta yetirdi. Erməni faşizminin ifşasına və həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasına xidmət edən daha bir addım da atıldı. Prezident İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” sərəncam imzaladı. Bütün bu addımlar ona görədir ki, insanlığa qəsd olan bu cinayətlərin izi tarixdən və gələcək nəsillərin hafizəsindən silinməsin! Məsum insanlarımıza yaşadılan bu zülm yerdə qalmasın! Erməni millətçiliyinin, separatizmin yaratdığı bu məşum mənzərə düşmənçiliyin, ədavətin nəyə səbəb olduğunu ibrətə çevirsin, Ermənistan bir terrorçu dövlət kimi dünyada layiq olduğu cəzanı alsın!

Sübhan Ərəbi,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button